Dərmandan zəhərlənmə halları artır


Baxıldı : 192

Tarix : 2016-03-05 06:17:00


Son dövrlər dərmandan zəhərlənmə hallarına daha tez-tez rast gəlirik. Hər həftə mətbuatda respublikamızın ayrı-ayrı bölgələrində dərmandan zəhərlənmə faktı qeydə alınır. Həkimlər isə dərman zəhərlənmələrinin səbəbinin təkcə keyfiyyətsiz dərmanlardan istifadə olunması ilə əlaqələndirmir. Belə ki, dərmanlar düzgün saxlanılmadığı hallarda da zəhərlənmə verə bilər.Məsələyə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla deyir ki, hər bir dərman vasitəsinin üzərində saxlanma qaydası haqqında da məlumat var: \ Dərmanlar həmin təlimatlara uyğun olaraq xüsusi ayrılmış şkafda sərin və quru yerdə saxlanılmalıdır. İsti və nəm yerdə dərman saxlamaq olmaz. Çünki dərmanların üzərindəki dərman əlavələri nəmi özünə tez çəkir və bu zaman dərmanın tərkibi xarab ola bilər. Elə dərmanlar var ki, hətta normal istilikdə olan bir şkafda saxladıqda da tərkibində dəyişiklik baş verə bilər. Buna görə də həmin dərmanlar soyuducuda, müəyyən temperaturda saxlanmalıdır. Xüsusən yay aylarında və ya qışda evdə temperatur yüksək olduqda dərmanların saxlanma qaydasına əməl etmək lazımdır. Vətəndaşlar dərmanları istifadə edərkən də onun nə vəziyyətdə olmasına diqqət etməlidir. Həmçinin dərman yalnız təyinatı üzrə işlənməlidir və həkim resepti əsasında qəbul edilməlidir. Apteklərdə də dərman haqqında alıcıya məlumat verilməlidir. İstifadə müddəti bitən, saxlanma şəraiti düzgün olmayan, formasında dəyişiklik əmələ gələn dərmanların qəbul edilməsi məqsədəuyğun deyil. Belə dərmanlardan istifadə edilərsə, zəhərlənmə də ola bilər\ . Xalid AZƏR