Dövlət müəssisələrinin özəlləşdirilməsi...


Baxıldı : 265

Tarix : 2015-12-12 06:33:00


Gələn il dövlət büdcəsinin gəlirlər hissəsini formalaşdırmaq üçün əsas mənbələrdən biri kimi dövlət mülkiyyətinin özəlləşdirilməsindən əlavə vəsaitlərin daxil olması nəzərdə tutulur. Dövlət başçısının bu günlərdə imzaladığı \ 2016-cı il dövlət büdcəsi haqqında\ qanununun tətbiqi barədə fərmana əsasən, dövlət əmlakının özəlləşdirilməsinin və idarəetməyə verilməsi prosesinin sürətləndirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə 2 ay müddətinə təkliflərin hazırlanması tapşırılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirildiyinə görə, bu məqsədlə 2016-cı ildə özəlləşdirmə prosesinin sürətləndirilməsinə dair plan hazırlanır. Plana əsasən, bir sıra iri və orta müəssisələrin özəlləşdirilməsi, bu prosesdə yerli və xarici investorların iştirakının təmin olunması və yeni özəlləşdirmə hesabına büdcə gəlirlərinin artırılması əsas məqsədlərdəndir. Həmçinin dövlət müəssisə və təşkilatlarının balansında olan əmlakın qorunub saxlanılması və səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı həmin müəssisə və təşkilatların vəzifəli şəxslərinin hüquqi məsuliyyətinin gücləndirilməsi planlaşdırılır.Hansı müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulur?Əmlak Məsələləri Dövlət Komitəsi hələlik bununla bağlı araşdırmalar aparıldığını, strateji müəssisələrin adının növbəti ildə məlum olacağını bildirir. Hökumət enerji təsərrüfatında olan bir sıra iri obyektlərin, \ Azərenerji\ ASC-yə məxsus paylayıcı şəbəkələrin, rabitə obyektlərinin, iri nəqliyyat komplekslərinin, təhsil və səhiyyə müəssisələrinin özəlləşdirilməsini düşünür. Eyni zamanda dövlətə məxsus turizm, xidmət müəssisələrinin də bu prosesə cəlb olunması istisna deyil. Bu sırada ölkənin ən nəhəng bankı olan Beynəlxalq Bankın (BB) özəlləşdirilməsi də dayanır. Mərkəzi Bankın sədri Elman Rüstəmov BB-nin özəlləşdirilməsini istisna etməyib və bildirib ki, bununla bağlı müvafiq tədbirlər görülür. İqtisadçı Samir Hüseynov hesab edir ki, dövlətə məxsus bir sıra müəssisələrin özəlləşdirilməsi hökumətin maliyyə yükünü də azaltmış olar. Çünki bir sıra iri obyektlər var ki, hökumət hər il onların saxlanması və təmiri, inkişaf etdirilməsi üçün büdcədən investisiya xarakterli vəsait ayırır. Eyni zamanda həmin sahədə özəl sektorun payı yüksələcək ki, nəticədə bu sahələrdə azad bazar və rəqabət mühiti yaxşılaşacaq.ELBRUS