Dəyişiklik kimlərə aiddir?


Baxıldı : 343

Tarix : 2015-12-19 04:53:00


Cəmiyyətdə 6 faiz və 8 faiz sadələşdirilmiş vergi və artırılan maliyyə sanksiyalarının kimlərə şamil olunacağı ilə bağlı tam məlumat formalaşmadığından, bu dəyişikliyin izahatına ehtiyac yaranıb. İqtisadçı-ekspert Qalib Toğrul bu dəyişikliyi şərh edərək bildirib ki, Vergi Məcəlləsinə edilmiş çox mühüm bir dəyişiklik ondan ibarətdir ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər əgər istəsələr, sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər. Bu da o anlama gəlir ki, sadələşdirilmiş vergi ödəməyi seçən həmin ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olanlar əgər hüquqi şəxsdirsə, ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxsdirsə (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla), gəlir vergisinin və ƏDV-nin ödəyicisi olmayacaq.Bu, çox mütərəqqi və praktiki bir dəyişiklikdir. Artıq bu sahədə fəaliyyət göstərən böyük vergi ödəyiciləri dövriyyələrini gizlətməyəcəklər və əlavə vergilər ödəmək yükündən birdəfəlik xilas olub, vahid sadələşdirilmiş vergi ödəməklə hesabatlılığın da sadələşdirilmiş formasından faydalanacaqlar. Bu sahə ilə bağlı daha bir dəyişikliyə görə, artıq dövriyyəsi 200 min manatdan çox olan ticarət müəssisələri sadələşdirilmiş vergini 6%-lə, ictimai iaşə müəssisələri isə 8%-lə ödəyəcəklər.Dəyişikliklərdən sonra bəzi yanlış yozumlar və şərhlərlə bağlı bir daha bildirmək istəyirəm ki, 6% və 8% müvafiq olaraq yalnız dövriyyəsi 200 min manatdan çox olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olanlara şamil ediləcək. Dövriyyəsi 200 min manat və daha aşağı olan ticarət və ictimai iaşə müəssisələri isə vergini əvvəlki kimi Bakıda 4, Naxçıvanda və regionlarda isə 2 faizlə ödəyəcəklər. Bu dəyişikliyin, bəzi ekspertlərin iddia etdiyi kimi, mikro və kiçik sahibkarlara heç bir aidiyyəti yoxdur və ziyanı da olmayacaq.Başqa bir yanlış anlama nağd pul əməliyyatlarılnın aparılması qaydalarının pozulmasına görə (sadə şəkildə desək, kassaya çekin vurulmamasına görə) tətbiq olunan maliyyə sanksiyaları ilə bağlıdır. Yeni dəyişikliklərdən sonra yalnız dövriyyəsi 200 min manatı aşan sadələşdirilmiş vergi ödəyicisi olan ictimai iaşə və ticarətlə məşğul olanlar üçün aşağıdakı şəkildə artırılıb:- Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 2000 manat, ikinci dəfə yol verildikdə 4000 manat, üç və daha çox yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.Digərləri üçün köhnə sanksiya məbləği müvafiq olaraq 400 manat, 800 manat və 1200 manat qaydası saxlanılıb. O cümlədən dövriyyəsi 200 min manat və daha aşağı olan ticarət və ictimai iaşə fəaiyyəti ilə məşğul olanlar üçün də köhnə maliyyə sanksiyaları keçərlidir. AZƏR