Dəyişikliklər hansı nəticəni verə bilər


Baxıldı : 548

Tarix : 2016-11-23 16:09:48


Qeyd edək ki, Milli Məclisin keçirilən son plenar iclasında qəbul olunan qanun layihələrindən biri də Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsidir. Dəyişikliyə əsasən, ticarət sahəsində çalışan iş adamlarından sadələşdirilmiş vergi dərəcəsi 6%-ə, iaşə sahəsində isə 8%-ə qaldırılacaq. Özü də bu dərəcələr ölkənin bütün ərazisində - həm Bakıda, həm də regionlarda eyni nisbətdə tətbiq olunacaq. Həmçinin təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozulmalarına birinci dəfə yol verəndə əvvəllər 400 manat məbləğində cərimə olunurdusa, dəyişiklikdən sonra onlara qarşı 2 000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verənlər əvvəlkindən 5 dəfə çox, yəni 4000 manat, üçüncü dəfə yol verənlər əvvəlki kimi 1 200 manat yox, 6 000 manat cərimə ödəməli olacaq.İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse -prezidenti Radil Fətullayev Vergi Məcəlləsinə edilən dəyişikliklərə münasibət bildirib. O, sadələşdirilmiş vergi ödəyiciləri haqqında məlumat verərək deyib ki, bu qrupa illik dövriyyəsi 120 min manatdan artıq olmayan vergi ödəyiciləri aid edilir. Vergi dərəcələrinin bu qədər artırılması ticarət sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin vəziyyətini bir qədər çətinləşdirəcək. Rəqabət mühiti olduğu üçün iş adamları müəyyən mal alaraq onun üzərinə 8-10 faiz artım əlavə edir. Amma bunun da 6 faizinin vergiyə cəlb olunması və həmçinin bu məbləğdən digər xərclərin ödənilməsi üçün vəsait də götürülsə, demək olar ki, sahibkarlar çox cüzi qazanc əldə edəcəklər. Bu isə onların iflas etməsinə, fəaliyyətlərini dayandırmasına və son nəticədə iş yerlərinin bağlanmasına səbəb olacaq. Zənnimcə, sadələşdirilmiş vergi ödəyicisi əlavə dəyər vergisinə keçsə, onun problemi bir qədər yüngülləşə bilər. Çünki vergi dərəcələrinin bu qədər qaldırılması və bütün regionlarda tətbiqi sahibkarlıq obyektlərinə yaxşı bir şey vəd etmir. Vergi cərimələrinin kifayət qədər, birdən-birə beş dəfə artırılması da sahibkarlığın inkişafına müəyyən maneələr yaradacaq. Kiçik sahibkarlıq obyektlərinin il ərzində bu qədər cəriməyə məruz qalması və xüsusən də bu cərimələrin məbləğinin onların bir-iki aylıq qazancından çox olması da qeyd edilməlidir. Burada orta bir məbləğin seçilməsi daha yaxşı olardı. Sahibkarlıq sahələrində yoxlamaların dayandırılması haqqında verilən qərarlar ilk növbədə neftdən asılılığı aradan qaldırmaq və qeyri-neft sektorunun inkişafını sürətləndirmək məqsədi daşıyır. Prezidentin imzaladığı son fərmanlar da göstərir ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına bir dəstək var. Amma iqtisadi böhran şəraitində Vergilər Nazirliyinin bu təklifi isə bir o qədər uğurlu deyil. Prezidentin imzaladığı Fərmandan sonra digər aidiyyəti qurumlar da yoxlamaların dayandırılmasına qərar veriblər. Amma zərurət yarandıqda Vergilər Nazirliyi tərəfindən hər hansı bir yoxlama həyata keçirilə bilər. Təbii ki, bu yoxlamalar Ədliyyə Nazirliyinin vahid qeydiyyat sistemindən keçməklə aparılacaq. Praktika göstərir ki, dünya iqtisadiyyatının yarısı kiçik və orta biznesdən formalaşıb. Normal inkişaf edən ölkələrin də iqtisadiyyatını təhlil etsək görərik ki, bəzən ümumi daxili məhsulun yarıdan çoxu kiçik və orta biznesin hesabına həyata keçirilir. Məhz bunu nəzərə alan əksər dövlətlər, məsələn, Rusiyada kiçik və orta sahibkarlıq subyektlərinə vergi tətili elan olundu, yoxlamalar tam dayandırıldı. Bunu Avropa təcrübəsi də göstərir. Sadələşdirilmiş vergi ödəyicilərində illik dövriyyənin 120 min manat həcmində saxlanması və onun dəyişdirilməməsi, əvəzində isə vergi dərəcələrinin və cərimələrin artırılması kiçik sahibkarlığın inkişafına mane ola bilər.A.MUSTAFAYEV