Daha bir qurumda həmkarlar ittifaqı yaradıldı


Baxıldı : 64

Tarix : 2019-11-08 05:43:22


Oktyabrın 23-də “166 Global Logistics” MMC-də  həmkarlar ittifaqı təşkilatının təsis konfransı keçirilib.

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Maliyyə şöbəsinin müdiri  İlqar Hüseynov konfransda çıxış edib. Respublikamızda həmkarlar ittifaqının yaradılması, inkişafı və bugünkü durumu haqqında geniş məlumat verib. Bu təşkilatın müasir, qloballaşan dünyamızda qarşısında duran vəzifələrdən danışıb. Deyib ki, hazırda təşkilatımızın başlıca hədəfləri işçilərin layiqli əmək şəraiti ilə təmin edilməsinə nail olmaqdır. Bura işçilərin iş şəraiti, əməkhaqqı, şəxsiyyətə hörmət və sair şərtlər daxildir. Bu şərtlərə biganə yanaşmayan işəgötürənlər əslində istehsalın inkişafını, daha böyük gəlirlər götürməyi təmin etmiş olurlar.

İ.Hüseynov dedi ki, tərəfdaşların uğuru sıx əməkdaşlıqdan və sosial dialoqdan keçir.

O, çıxışının sonunda yeni təşkilata həmkarlar ittifaqı ənənələrini cəsarətlə yaşatmağı arzuladı.

“166 Global Logistics” MMC-nin direktoru Ruslan İmamquliyev öz çıxışında əmək sferasının gələcək inkişafı problemlərini və əmək sferasının əsas iştirakçısı - muzdlu işçinin sosial müdafiəsində həmkarlar ittifaqının rolunu, bu məsələyə diqqətin artırılmasının vacibliyini diqqətə çatdırdı. Direktor əmin olduğunu bildirdi ki, HİK fəaliyyətinin elə ilk günlərindən sosial tərəfdaşlıq prinsiplərinə əməl edəcək.

Sonra həmkarlar ittifaqı komitəsinin və təftiş komissiyasının üzvləri seçildi. MMC-də mütəxəssis vəzifəsində çalışan Rəşad Rüstəmovun sədr vəzifəsinə namizədliyi yekdilliklə dəstəkləndi.