Daha hər yerdə siqaret çəkmək mümkün olmayacaq


Baxıldı : 253

Tarix : 2018-01-05 23:29:01


Ötən il dekabrın 1-də əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası, tütün tüstüsünün ətraf mühitə ziyanının təsirlərini azaltmaq məqsədilə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun təsdiq olunmuşdur.

Qərara əsasən, təhsil, tərbiyə, səhiyyə və tibbi-reabilitasiya, xidmət müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, yerləşdirmə vasitələrində, ticarət, məişət, ictimai-iaşə, teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava nəqliyyatı, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində siqaret çəkmək qadağandır.

Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.