Daha həssas təbəqə


Baxıldı : 40

Tarix : 2018-04-14 00:36:27


Dünən Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Əməyin mühafizəsi: xüsusən həssas təbəqə - gənc işçilər” mövzusunda konfrans keçirmişdir.

Tədbiri açan Respublika Komitəsinin sədri Telman Quliyev sahənin hər bir həmkar üzvünü aprelin 11-də ölkəmizdə baş verən çox mühüm hadisə - prezident seçkilərində cənab İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edərək qeyd etdi ki, Azərbaycan xalqı yenidən öz parlaq gələcəyinə səs verdi. Bugünkü tədbirin böyük əhəmiyyətindən danışan sədr bildirdi ki, iş yerlərində əməyin mühafizəsi çox mühüm şərtdir. Xüsusən gənclərin bu sahədə maarifləndirilməsinin, onların peşə yönümü ixtisaslara yiyələnmələrinin təmin olunmasının, təhsil sisteminin istehsalat sahələrinə yaxınlaşdırılması vacib məsələlərdəndir. Gənclərimizin böyük qismi həmkarlar ittifaqı sıralarında birləşir. Bir çox tədbirlərimiz var ki, gənclər ən fəal iştirakçılar olurlar. Təəssüf ki, bizim sahədə də zərərli iş yerləri az deyil. Zədə alanlar da olub. Çalışırıq ki, işçilər üçün yerlərdə normal fəaliyyət göstərmələrinə şərait yaradılsın. Artıq neçə illərdir ki, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi - təşkilatı” uğrunda Respublika baxış- müsabiqəsində iştirak edirik. Qaliblər sırasında da olmuşuq. İlk təşkilatlarımızın hər bir üzvü üzərinə düşən məsuliyyəti dərindən dərk edir. Təbii sərvətlərimizi qorumağı öz vətəndaşlıq borcu hesab edir.

AHİK-in Əməyin Mühafizəsi Şöbəsinin mütəxəssisi Nadir Muradov “Əməyin mühafizəsi: xüsusən həssas təbəqə - gənc işçilər” mövzusundan danışdı. O, çıxışında qeyd etdi ki, savadlı, geniş dünyagörüşünə malik gənclərin yetişdirilməsi, onların məşğulluğu hər bir ölkə kimi bizim üçün də başlıca məsələdir. Müasir şəraitdə gənclərin qarşılaşdığı problemlərin siyahısı genişdir. Təhsildən əmək formasına keçid, sosial müdafiə sisteminin əhatə dairəsinin zəif olması, müvəqqəti iş yeri və az əməkhaqqı ödənilməsi gənclərin daha çox qeyri-formal iqtisadiyyatda çalışmalarına gətirib çıxaran amillərdir. Əmək bazarının rəqəmsallaşması və məşğulluğun yeni formalarının mövcudluğu əmək bazarına daxil olan gənclərin hüquqlarının qorunmasında problemlər üzə çıxarır. Müəssisə və təşkilatlarda bağlanan saziş və kollektiv müqavilələrdə gənc işçilərin bu problemlərinin həlli istiqamətində işlərin görülməsi bizim üçün başlıca vəzifələrdən birinə çevrilmişdir.

Respublika Komitəsinin baş texniki əmək müfəttişi Vaqif Məmmədov, Bakı Ekologiya Departamentinin, 3 saylı ərazi Ekoloji İdarəsinin, Milli Monitorinq Departamentinin, Hidrometereoloji Elmi-Tədqiqat İnstitutunun HİK sədrləri Tofiq Həsənov, Həbib Əhmədov, Nazim Hümbətov, Fərqanə Dadaşova onları narahat edən məsələlərə aydınlıq gətirdilər və bildirdilər ki, əməyin mühafizəsi təkcə bir günlə bağlı deyil, gənclərimizin hər birinin layiqli əməyə haqqı var. Ona görə də layiqli iş yerinin yaradılması mühüm şərtdir.

Sonra fərqlənmiş həmkarlar ittifaqı fəallarına “AHİK-in 25 illik yubiley döş nişanı” və Respublika Komitəsinin Fəxri fərmanları təqdim edildi.

Əhəd İBADOV