Daha iki yarışın qalibləri məlum olub


Baxıldı : 88

Tarix : 2019-02-11 04:36:00


 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq - 2018” Respublika Spartakiadası çərçivəsində atletika (kross) və şahmat idman növü üzrə yarış baş tutub.

Respublika Olimpiya Mərkəzində təşkil olunan atletika üzrə yarışda 9 komanda iştirak edib.

Kişilər arasında komanda hesabında birinciliyi “Bakı Telefon Rabitəsi” MMC-nin əməkdaşları qazanıb. II pillədə Dövlət Radiotezliklər İdarəsinin, III pillədə isə “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin komandaları qərarlaşıb.

Qadınlar arasında komanda yarışlarında nəticəyə görə sıralama belə olub:  Birinci yer “Bakı Telefon Rabitəsi” MMC, ikinci yer Məlumat Hesablama Mərkəzi, üçüncü yer Dövlət Radiotezliklər İdarəsi.

Atletika üzrə şəxsi yarışlarda qadınlar arasında birinci yerə  Larisa Maxaradze (“Bakı Telefon Rabitəsi” MMC), ikinci yerə Türkay Zərgərli (Məlumat Hesablama Mərkəzi), üçüncü yerə  Ləman Qurbanova (“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC) çıxıblar.

Kişilər arasında keçirilən yarışda finiş xəttini birinci Əzir Əlimətov (“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC) keçib. Elşən Xəlilov (“Bakı Telefon Rabitəsi” MMC) ikinci olub. Eldar Nəsrullayev (“Bakı Telefon Rabitəsi” MMC) isə üçüncü sırada başa vurub.

Nazirliyin əməkdaşları arasında Respublika Şahmat Mərkəzində təşkil olunan şahmat yarışının qalibi “Bakı Telefon Rabitəsi” MMC-nin komandası olub. İkinci yeri “Aztelekom” MMC, üçüncü yeri isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandaları tutublar.

Şahmat üzrə şəxsi yarışlarda kişilər arasında ən güclü  Anar Rəsulov (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) olub. Vüqar Əlimərdanov (“Azərpoçt” MMC) və Elçin Zeynalov (“Aztelekom” MMC) müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Qadınlar arasında qalib adını Lalə Kərimova (“Bakı Telefon Rabitəsi” MMC) qazanıb.  Esmira Əmrahova (Məlumat Hesablama Mərkəzi) ikinci, Mehriban Nəbiyeva  (Dövlət Avtomobil Nəqliyyatı Xidməti) isə üçüncü pillədə qərarlaşıblar.