Dahi şəxsiyyət, qurucu və xilaskar dövlət xadimi


Baxıldı : 102

Tarix : 2017-05-05 23:44:08


Ötən əsrin sonlarında xalqımızın yenidən qovuşduğu müstəqilliyin ilk illərində dövlətçiliyimiz kimi varlığımızı da sual altına qoyan böyük təhlükələr meydana çıxdı. Ölkədə xaos və vətəndaş qarşıdurması davam edirdi. Digər tərəfdən, xain erməni qonşularımız tərəfindən törədilən mənfur etnik təmizləmə və təcavüz siyasəti aparılırdı. İqtisadi münasibətlər sisteminin çökməsi ilə üzləşən respublikamızda idarəolunmaz vəziyyət, ağır sosial durum, ictimai həyatın bütün sferalarına sirayət edən dərin böhran hökm sürürdü.

Tariximizin bu çətin və keşməkeşli dönəmində xalqın tələbi ilə hakimiyyətə gələn böyük düha sahibi Heydər Əliyevin siyasi müdrikliyi, zəngin idarəçilik təcrübəsi, xilaskarlıq və quruculuq missiyası bu taleyüklü vəzifələrin sürətli həllinə təkan verdi.

Dahi şəxsiyyət Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli azərbaycançılıq ideologiyasını da yaratdı. Ulu öndər Heydər Əliyev azərbaycançılıq, vətənçilik  ideologiyası ilə yanaşı, türkçülük, dövlətimizin və millətimizin türk dünyasındakı nüfuzunun daha da yüksəldilməsi istiqamətində bir sıra işlər gördü.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dahi şəxsiyyət, qurucu və xilaskar dövlət xadimi, mütəfəkkir olaraq yaşayır, indiki və sonrakı nəsillər onu həmişə sonsuz hörmət və məhəbbətlə yad edəcək.

Ulu öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Bir xoşbəxtlikdir ki,  bu gün ölkəmizin başında ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev durub. İndi ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatların əsas hədəfi çevik, operativ və effektli idarəçilik sistemi yaradaraq, mövcud daxili imkanlardan daha səmərəli və hərtərəfli istifadə etməklə, respublikanın sosial-iqtisadi inkişafını davam etdirmək, Azərbaycanın dünya birliyində tutduğu öncül mövqelərini daha da möhkəmləndirmək və əhalinin artan maddi-mənəvi tələbatını gələcəkdə də dolğun şəkildə təmin etməkdən ibarətdir.

A. MUSTAFAYEV