Daimi iş yerlərinin yaradılmasına səy göstərilməlidir


Baxıldı : 871

Tarix : 2019-04-12 17:57:43


Aprelin 10-da “İnşaat-İş” Həmkarlar İttifaqinda “İnşaatçılar Günü”nə həsr olunmuş yığıncaq keçirildi. Tədbiri “İnşaat-İş” Həmkarlar İttifaqının sədri Umud Hüseynov açaraq bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Son illərdə ölkəmizdə aparılan tikinti-quruculuq işlərindən danışdı. Dedi ki, bu sahədə çalışan insanların əmək və sosial hüquqlarının qorunması həmişə həmkarlar ittifaqlarının diqqətində olub.

Müəssisə və təşkilatların rəhbərləri ilə kollektiv müqavilələr bağlanarkən güzəşt və imtiyazlara geniş yer verilmişdir.

Peşə xəstəliklərinin qarşısının alınması, iş yerlərinin və sanitar-məişət otaqlarının, eləcə də istismar olunan avadanlıqların, texnoloji proseslərin əməyin mühafizəsi və texniki təhlükəsizliyin tələblərinə uyğun olması, zərərli və təhlükəli işlərdə çalışan işçilərin vaxtaşırı təlimatlandırılması, tibbi müayinədən keçirilməsi, işçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sıgorta edilməsi struktur təşkilatlarımızın daimi nəzarətində saxlanılmışdır.

U.Hüseynov çıxışının sonunda tikintidə qeyri-formal məşğulluğun azaldılması məsələsinə də toxundu. Bunlara nail olmaq üçün təkliflərini səsləndirdi. Dedi ki, ilk növbədə əmək münasibətləri tənzimlənməlidir. Daimi iş yerlərində müddətli əmək müqavilələrinin bağlanılması, müddətsiz əmək müqavilələrinin müddətli müqavilələrlə əvəzlənməsi və digər qeyrı-qanuni faktların üzə çıxarılması məqsədilə həmkarlar ittifaqı komitələri daha səylə çalışmalidır.

Tədbirdə “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri S.Ağayev, “Dəmir-Beton-8” ASC-nin HİK sədrinin müavini K.Hüseynov,  “Korgöz” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri A.Şıxıyev və başqaları çıxış etdilər.

Sonda bir qrup qabaqcıl inşaatçıya AHİK-in və sahə Hİ-nin Fəxri fərmanları təqdim olundu.

 

Sevinc HÜSEYNOVA,

“İnşaat-İş” Hİ-nin sosial məsələlər üzrə mütəxəssisi