Dama və nərd yarışlarının qalibləri məlum olub


Baxıldı : 95

Tarix : 2019-02-04 04:33:34



Rabitə işçiləri arasında “Sağlamlıq - 2018” Respublika Spartakiadası çərçivəsində keçirilən dama və nərd oyunları yekunlaşıb. Respublika Şahmat Mərkəzində baş tutan yarışda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı, “AzİnTelecom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, Dövlət Radiotezlikləri İdarəsi, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və “Teleradio” İB-nin komandaları mübarizə aparıblar.

Yekun nəticəyə görə dama yarışının qalibi “Bakı Telefon Rabitəsi” MMC olub. İkinci yeri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin , üçüncü yeri isə “Aztelekom” MMC-nin komandaları tutub.

Şəxsi yarışlarda kişilərin mübarizəsində Elçin Cəfərov (Dövlət Avtomobil Nəqliyyatı Xidməti) birinci, Şakir Cəlalov (“Aztelekom” MMC) ikinci, Bəxtiyar Əhmədov (“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC) üçüncü olublar.

Qadınların mübarizəsində Lalə Kərimova (“Bakı Telefon Rabitəsi” MMC) fəxri kürsünün ilk pilləsinə qalxıb. Aynurə Səmədova (Dövlət Radiotezliklər İdarəsi) ikinci yeri özünə təmin edib. Mülayim Məhərrəmova (“Aztelekom” MMC) üçüncü yerlə kifayətlənib.

Nərd yarışlarının qalibi adını “Bakı Telefon Rabitəsi” MMC qazanıb. “Azərpoçt” MMC və “Aztelekom” MMC-nin komandaları müvafiq olaraq ikinci və üçüncü sırada qərarlaşıblar.

Nərd üzrə şəxsi yarışlarda birinci yeri Bağır Mehbaliyev (“Azərpoçt” MMC) tutub. Rəhman Hümbətov (“Aztelekom” MMC) ikinci, Süleyman Süleymanov (Dövlət Avtomobil Nəqliyyatı Xidməti) üçüncü olub.