Danışıqlar aparılaraq standartlar müəyyənləşdirilməlidir


Baxıldı : 52

Tarix : 2017-07-14 23:34:58


"Unite" Həmkarlar İttifaqına üzv olan "Royal Liverpul" xəstəxanasının işçiləri tətil keçirməyi planlaşdırır. Buna səbəb çalışanlara sağlamlıqla əlaqədar verilən illik ödənişli məzuniyyətin 12 gün hesablanmasıdır. Digər xəstəxanalarda isə bu 6 ay tam maaş, 6 ay yarı maaş olaraq hesablanır. "Unite"dən bildirilib ki, çatışmazlıq burada işləyənlərin hər hansı sağlamlıq problemi ilə üzləşdiyi zaman maliyyə çətinlikləri ilə qarşılaşmasına gətirib çıxarır. İttifaq 270-dən çox üzvünün adından  aidiyyəti orqanlara müraciət edib.

"Unite"nin bölgə üzrə nümayəndəsi Keit Hutson qeyd edib ki, "Royal Liverpul" və "Broadqrin" xəstəxanalarında çalışanlar sektorda ən az maaşla işləyənlər arasındadır: "Onlar hər zaman ikinci sinif vətəndaşlar kimi münasibət görür, ciddi maliyyə problemləri ilə üzləşirlər. Keçən il burada çalışan üzvlərimizdən birinə xərçəng xəstəliyi diaqnozu qoyulub və sol ağciyəri götürülüb. Düşünürəm ki, heç kəs belə bir vəziyyətdə  maliyyə çətinliyinə görə narahat olmamalı və ona işə dönmək üçün təzyiq göstərilməməlidir. Bu və ya digər çatışmazlıqların həlli üçün istər dövlət səviyyəsində, istərsə də sahibkarlarla ciddi danışıqlar aparılaraq standartlar müəyyənləşdirilməlidir".

Cavid SƏFƏROV