Danışıqlar aparmaq üçün komissiya yaradılıb


Baxıldı : 152

Tarix : 2017-12-08 18:56:02


Kanadanın "Unifor" həmkarlar ittifaqı  "Bell" telekommunikasiya  şirkətində çalışanlarla rəhbərlik arasında baş verən problemlərin həlli üçün işçilərlə görüşlər keçirib. İttifaqın sədri Cerri Dias rəhbərliklə də danışıqların başladıldığını və məsələnin dialoq yolu ilə həllinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, bu bizim "Bell" şirkəti ilə ilk müzakirələrimiz deyil. "2013-cü ildən bu yana Quebek və digər şəhərlərdə yerləşən müəssisələrin çalışanlarının problemlərinin həlli üçün daha öncə bir araya gəlinmiş, işçilərin həmkarlar ittifaqı təşkilatlarında birləşməsi, rifahının yaxşılaşdırılması yönündə razılıq əldə olunmuşdur".

Şirkətlə gündəmdə olan anlaşmazlıqların həlli üçün işləyən həmkarlar ittifaqı fəallarından və "Unifor" nümayəndələrindən ibarət komissiya yaradılıb. Komissiyanın əsas tələbi  şirkətin bütün işçilərinə bərabər münasibət göstərilməsi, çalışma saatlarının düzgün qurulması, part-taym işçilərin maaşlarının yaxşılaşdırılması, məcburi işə cəlb olunmanın ləğvi, ailəvi problemlər zamanı işçilərə ödənişli məzuniyyətin verilməsi və sairdir.

Komissiya Ontariodan 5000, Quebekdən 2700 işçinin hüquqlarının müdafiəsi üçün danışıqlar aparır. "Unifor"un Quebek üzrə direktoru Renaud Qaqn müzakirələr davam etdiyi müddətdə ittifaqa üzv olan işçilərin haqlarının müdafiəsi üçün çalışacaqlarını əminliklə ifadə edib.

Qeyd edək ki, "Unifor" 315 mindən çox çalışanın üzv olduğu, Kanadanın özəl sektordakı ən böyük həmkarlar ittifaqıdır.

Cavid SƏFƏROV