Danışıqlar özünü doğrultmur 


Baxıldı : 123

Tarix : 2018-01-26 19:49:07


Almaniyada “İG Metal” Həmkarlar İttifaqı ilə işəgötürən təşkilatlar arasında danışıqlarda yekun nəticə əldə edilmədiyindən ittifaq üzvləri önümüzdəki həftə tətil və aksiyalar keçirməyi planlayır. İttifaq bir çox sektorlarda maaşların 6 faiz artırılmasını, həftəlik 35 saatlıq çalışma rejiminin 28 saata endirilməsini, körpə uşaqları və qoca yaxınları olan işçilərin iş saatının azaldılması zamanı maaş kəsintisinin  tətbiq olunmamasını tələb edir.

İşəgötürən təşkilatlar isə bu tələblərdən sonra çalışanların qısa iş saatlarına keçidə meyilli olacağı üçün bunu müəssisənin zərərinə olan bir addım kimi qiymətləndirib və razılaşmayıb. İşəgötürən təşkilatların nümayəndəsi Stefan Volf mətbuata verdiyi açıqlamada həmkarlar ittifaqının tələblərini qəbul etməyib. “İG Metal”ın təmsilçisi Roman Zitzelsberger isə mübahisəli məsələlərin həlli üçün əllərindən gələni etdiklərini deyib.

Qeyd edək ki, anlaşılmazlıq yanvarın beşindən başlayıb və bu günə qədər 785 yerdə tətil keçirilib, 910 min etirazçının iştirakı ilə aksiyalar təşkil olunub. Üzvlərinin sayına görə Avropanın ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan “İG Metal” tələblərinin avtomobil, elektroenergetika, tekstil və digər sektorlarda həyata keçirilməsini istəyir.

Cavid SƏFƏROV