Davamlı maarifləndirmə işləri aparılsa da


Baxıldı : 72

Tarix : 2017-10-20 17:49:22


Ölkəmizdə bu ilin 8 ayı ərzində 9787 boşanma halı qeydə alınıb. 

Boşanmaların sayının artım səbəbi nədir? Nəyə görə qurulan ailələr dağılır? Bəlkə kənar müdaxilələr, basqılar gəncləri ayrılmağa vadar edir?

 "Əlbəttə, bu bizim hamımızı narahat edir. Boşanma səbəbləri arasında ilk yeri "xasiyyətlərin uyğunsuzluğu" tutur. Daha sonra isə ailə quranların fiziki və psixoloji cəhətdən ailə qurmağa hazır olmaması, sosial və mənəvi məsuliyyətlərini dərk edə bilməməsidir". Bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Raidə Əmirbəyova bildirdi.

Bəs bu problemin qarşısının alınması üçün komitə hansı tədbirləri görür?

Komitə rəsmisi dedi ki, əvvəla boşanma səbəbləri və riskli ailələr tərəfimizdən araşdırılır və bu sahədə davamlı maarifləndirmə işləri aparılır. Səbəblər araşdırılarkən məlum olur ki, nikaha daxil olan zaman insanlar tərəfindən tələskənliyə yol verilir. Onlar ailədəki məsuliyyətlərini  tam dərk etmədən ailə qururlar.

Hər il komitə tərəfindən "Azərbaycan ailəsi" qısametrajlı filmlər festivalı həyata keçirilir  və Beynəlxalq Ailə Günü qeyd olunur. Bundan başqa, komitəmiz yeni "Ailə akademiyası" adlı layihəyə də başlayıb. Bu tədbirlərin təşkil olunmasında əsas məqsədimiz ailə institutunun möhkəmləndirilməsi, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdə nüfuzunun qaldırılmasına yönəltməkdir.

AHİK-in Hüquq Şöbəsinin əməyin hüquq müfəttişi Sevil Zeynalova isə bildirdi ki, boşanmalara insanların maddi durumu, müstəqil mənzil şəraitinin olmaması və tərəflərin yersiz təşəbbüsləri də səbəb olur. Bu kimi hallarda qadınlar boşanmağa daha çox təşəbbüs edir.

S.Zeynalova qeyd etdi ki, boşanmaq üçün məhkəməyə müraciət edənlərə çox həssaslıqla yanaşmaq , prosesi araşdırmaq lazımdır: "Ailə Məcəlləsinə görə, əgər tərəflər arasında əmlak mübahisəsi və uşaqlar yoxdursa, ər-arvadın qarşılıqlı razılığı əsasında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə boşanmaq barədə ərizə verdikdən bir ay sonra boşanma gerçəkləşir. Amma tərəflər arasında yuxarıda qeyd olunanlar varsa, razılığa gəldikləri halda bir aya boşanırlar, razılıq əldə edilmirsə, məhkəmə onlara barışıq üçün 3 ay möhlət verir".

Psixoloq Narınc Rüstəmova isə ailə institutlarının formalaşmasına böyük ehtiyac olduğunu qeyd edib: "Bu gün ailə cütlüyü , sadəcə, toya qədər olan prosesi fikirləşir, sanki ondan sonrakı proses ailə həyatına daxil deyil. Ailənin ilk illərində adaptasiya dövrü yaşanır. Evliliyə qədərki müddətdə bəzi xüsusiyyətləri gizlətmək mümkündür, lakin ilk üç ildə münasibətlərin görün-məyən tərəfləri də ortaya çıxır. Evliliyin 3-cü və 7-ci ili böhran dövrü hesab olunur və burada ailə institutlarının əhəmiyyəti önəmlidir".

N.Rüstəmova boşanmağın son ç

arə olmadığını, ailədaxili problemlərin ailə böyükləri və ya psixoloqlar tərəfindən də həll oluna biləcəyini vurğuladı.

Əsli ƏHMƏDOVA