Daxili turizm inkişaf edir


Baxıldı : 362

Tarix : 2017-12-27 18:57:39


Yeni il ərəfəsində 5 gün istirahət olacaq. “Bəs bu istirahət müddətini necə dəyərləndirim?" - deyə özünə sual verənlər çoxdur.  Azərbaycanda bəziləri qış tətilini ölkəmizdə, bir qismi isə xaricdə keçirmək istəyir. Amma əsas məsələ seçəcəyin istirahətin cibinə uyğun olması və təklif edilən xidmətlərin hansı səviyyədə təşkilidir.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, bölgələrimizdə Yeni il şənliyi, 2 gecə qonaqlama və səhər yeməyi ilə birlikdə, 350 manatdan 1000 manatadək dəyişir. Dekabrın əvvəlindən artıq bir çox otellərdə yerlər bronlaşdırılmışdır.

 Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki,  hər il olduğu kimi, builki qış turizmi mövsümü ərzində turistlər əsasən şimal-şərq və şimal-qərb zonalarında istirahət etməyə üstünlük verirlər. Daha sonra qeyd etdi ki, yerli turistlərlə yanaşı, xarici turistlər də qışda, xüsusilə Yeni il günlərində istirahətlərini Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Quba, Qusarda keçirməyə maraq göstərirlər: "Əvvəllər insanlar Yeni il günlərində istirahət etmək üçün Avropa ölkələrinə daha çox gedirdilər. Amma indi öz ölkəmizdə istirahət etməyə üstünlük verirlər. Bu onu göstərir ki, daxili turizm  inkişaf edir. Biz öz ölkəmizdə turizmin yeni növlərini yaratmaqla daxili və gəlmə turizmi inkişaf etdirə bilərik".

O, Yeni İl bayramı ərəfəsində Rusiya, İraq və digər ərəb ölkələrindən Azərbaycana çoxlu turistin gələcəyini proqnozlaşdırdığını deyib: "Ərəb ölkələrindən gələnlər qar görmək üçün əsasən Qəbələdə Tufandağ, Qusarda Şahdağa gedirlər. Xarici ölkələrin Bakıdakı nümayəndəlikləri, səfirliklərinin əməkdaşları tətil günlərində əsasən Azərbaycanda dincəlməyə üstünlük verirlər".

M.Ağakərimov bildirib ki, ərəb ölkələri və Rusiya ilə yanaşı, digər dövlətlərdən də turist cəlbi üçün konsepsiya hazırlanmasına ehtiyac var: “Bu konsepsiyanın hazırlanmasında turizm qurumları, ekspertlər, aparıcı turizm şirkətləri iştirak etməlidir. Konsepsiyada başqa hansı ölkələrdən turistləri cəlb etmək istiqamətləri müəyyən edilə bilər. Bu məsələnin diqqətli araşdırılmasına ehtiyac var. Məsələn, Rusiyadan gələn turistlər qışda dağlarda, yayda çimərlikdə istirahəti sevir, ərəb ölkələrindən gələnlər daha çox muzey yox, əyləncə məkanları, restoranlara üstünlük verirlər. Hətta ərəb ölkələri arasında da fərqlər var. Digər ölkələrdən gələcək turistlərin də Azərbaycanda nəyi görmək istəyəcəyi müəyyən olunmalıdır. Turizm mütəxəssislərinin də ümdə borcu hər bir ölkədən gələn turistlərin psixologiyasına uyğun proqramlar təşkil etməkdir".

Günel QULİYEVA