Daxili turizm məkanlarına üstünlük verilir


Baxıldı : 78

Tarix : 2018-07-13 18:40:59


Əksər insanlar yay fəsli gələr-gəlməz istirahət planları qurur. Harada və necə istirahət etmək isə, təbii ki, hər bir şəxsin maliyyə vəziyyətindən asılıdır. İmkanı olanlar xarici ölkələrdə,  nisbətən imkansızlar isə bölgələrdə dincəlməyi üstün tuturlar. Bəs, görəsən, bu yay xaricdə dincəlməyə gedənlər əsasən hansı ölkələri seçirlər? Daxili turizmdə vəziyyət necədir?

Suallarımızı cavablandırması üçün Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov və bəzi turizm agentlikləri ilə əlaqə saxladıq.

M.Ağakərimov bildirdi ki, xaricə üz tutanların bəziləri kurort-müalicə zonalarına gedirlər: “Onlar daha çox Rusiya, Ukrayna, Litva, Sloveniya kimi məkanlarda dincəlməyə üstünlük verirlər. Rusiyada əsasən “Mineralnaya voda”, “Kislovodsk”, “Yessentuki” kimi kurort-müalicə zonalarını seçirlər. Sırf dincəlmək məqsədilə gedənlər isə İstanbul, Bodrum, Antalya, Kəmər, Quş adasına, Gürcüstan və Dubaya səfər edirlər ki, bunun da səbəbi qiymətlərin digər ölkələrə nisbətən münasib olmasıdır. Bundan başqa, Avropa ölkələrini seçənlər də var. Bu ölkələrdən Çexiya üstünlük təşkil edir. Daha sonra Fransa və  ölkəmizlə birbaşa aviaəlaqəsi olan Monteneqro gəlir”.

Daxili turizmdən danışan M.Ağakərimov bildirdi ki, vətəndaşlar daha çox şimal-şərq, şimal-qərb və bir hissəsi isə cənub zonasında istirahət etməyə üstünlük verirlər. Bu da daxili turizmin inkişafı üçün mühüm amildir: “Daxili turizmin çəkisi getdikcə artır. Ölkədə həm qiymət Avropa qiymətləri ilə müqayisədə ucuz olduğuna görə, həm də infrastruktur ildən-ilə yaxşılaşdığı üçün əhali daha çox daxili turizm məkanlarına üstünlük verir. Bura əsasən Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar, Nabran zonası daxildir. Təbii ki, hər zonanın da qiymətləri fərqlidir. Məsələn, Qəbələ və Şəkidə yerləşən istirahət mərkəzlərinin qiymət səviyyəsi Nabran, Quba, Qusar zonalarına nisbətən yüksəkdir. Əlbəttə, biz istərdik əhalimiz daha çox öz istirahət mərkəzlərimizdə istirahət etsinlər. Bu yolla valyuta ölkəmizdə dövriyyə edər. Eyni zamanda daxili turizm yeni iş yerləri deməkdir.

Bununla yanaşı, ölkəmizə xaricdən də turistlər çox gəlir. Rusiyadan, Hindistandan, Ərəb ölkələrindən-İraqdan, Dubaydan, BBƏ-dən, Qatardan, Səudiyyə Ərəbistanından kifayət qədər turistlərimiz var. Mətbəximizin zənginliyi, yüksək səviyyədə infrastruktur, tarixi abidələr, yeniliklər, yeni otellər buna imkan verir ki, ölkəmiz bu cür turistləri qəbul etsin. Bir məsələni də qeyd etmək istərdim ki, aparılan statistikaya görə, Naftalanda Rusiya və Qazaxıstandan olan turistlər daha çox üstünlük təşkil edirlər”.

Çimərlik turizmi hansı səviyyədədir? sualını cavablandıran ekspert dedi ki, 2017-ci ildə Prezidentin çimərlik turizmi haqqında sərəncamı var: “Düşünürəm ki, turizm şirkətləri, çimərlik turizminə cavabdeh olan qurumlar, yerli icra orqanları Sərəncamda göstərilən təhlükəsizlik, çimərlik turizminin yüksək səviyyədə inkişafı üçün çox iş görməlidirlər. Bunun üçün ilk növbədə sanitar-gigiyenik normalara cavab verən qurumlar hərəkətə keçməlidir”.

“AFN Travel”, “İnterforce Tourism Company” və “Smart Holiday” turizm agentliklərindən aldığımız məlumata görə, yay mövsümü açılandan indiyədək əsasən Türkiyə, Gürcüstan və Dubaya səyahət üçün müraciətlər daha çoxdur. Bunun da səbəbi qiymətlərin həm münasib olması, həm də həmin ölkələrin məsafə baxımından daha yaxın yerləşməsidir. Azərbaycana isə bu il Ərəb ölkələrindən, İrandan, Hindistan və Pakistandan daha çox turist gəlir.

Aliyə SƏMƏDOVA