“Dayanıqlı əməkhaqqı siyasətinin formalaşdırılması” mövzusunda müzakirələr aparıldı


Baxıldı : 62

Tarix : 2017-12-08 19:53:43


“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələrinin iştirakı ilə "Dayanıqlı əməkhaqqı siyasətinin formalaşdırılması" mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev  bildirib ki, BMT-nin yeni Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci hədəf "Davamlı, inklüziv və dayanıqlı iqtisadi inkişafı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli iş imkanlarını təşviq etmək" və 10-cu hədəf "Ölkələrin daxilində və ölkələr arasında bərabərsizlikləri azaltmaq"dır. Nazir müavini bu hədəflərə çatmaq istiqamətində ölkəmizdə görülən işlərdən və əldə edilən nəticələrdən ətraflı danışıb.

AHİK sədrinin müavini Cavanşir Alxasov hər bir işçinin yerinə yetirdiyi əmək funksiyasına, gördüyü işə görə dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququ olduğunu, əməkhaqqının işçinin maddi təminatına imkan verə bilən səviyyədə olmasının layiqli əməyin təminatında mühüm yer tutduğunu bildirib. Deyib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin 9 ayının yekunlarına görə, ölkədə nominal orta aylıq  əməkhaqqı 7,2% artaraq 525,6 manat təşkil etmişdir. Minimum əməkhaqqı 116 manata çatdırılmışdır.

MDB-nin Dövlətlərarası Statistik Komitəsinin məlumatına əsasən, Azərbaycan hər iki göstəriciyə görə birliyə  daxil olan ölkələr arasında 6-cı yerdə qərarlaşıb.

Orta aylıq əməkhaqqının iqtisadiyyatın sahələri üzrə təhlili göstərir ki, son illər ərzində əksər sahələr sürətli inkişaf etmiş, bu sahələrdə məvaciblər respublika üzrə orta göstəricidən daha yüksək olmuşdur. Bu, mədənçıxarma sənayesinə, maliyyə, sığorta fəaliyyətinə, informasiya, rabitə və bəzi digər sahələrə aiddir.

C.Alxasov onu da diqqətə çatdırdı ki, dövlət və özəl sektorda orta aylıq əməkhaqqı səviyyəsində yaranmış qeyri-mütənasiblik narahatlıq doğurur. Belə ki, 2009-cu ildə orta aylıq əməkhaqqı qeyri-dövlət sektorunda dövlət sektorundan 35,6% yüksək olmuşdusa, ötən ildə bu nisbət 1,7 dəfə təşkil etmişdir.

Azərbaycan həmkarlar ittifaqları əməkhaqqı ilə bağlı məsələləri daima diqqət mərkəzində saxlayır, müvafiq qanunların,  dövlət proqramlarının hazırlanmasında və icrasında fəal iştirak edir, işçilərin əməkhaqlarının sahə (tarif) sazişlər və kollektiv müqavilələr vasitəsilə  qorunmasını və artırılmasını təmin edir.

Qeyd olunan məsələlər Baş Kollektiv Sazişdə, həmçinin yerlərdə bağlanan kollektiv saziş və müqavilələrdə geniş yer alır.

ASK-nın Baş katibinin müavini Fuad Hümbətov hər hansı müəssisədə işçilərə ödənilən əməkhaqqı məbləğlərinin həmin müəssisədə məhsuldar əməyin təmin olunmasında mühüm rolunu, özəl sektorda bu məsələnin daim diqqətdə saxlandığını nəzərə çatdırıb.

BƏT-in Layiqli Əmək üzrə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin əməkhaqqı üzrə mütəxəssisi Nikolas Ştuder və BƏT-in İnkluziv əmək bazarları, əmək münasibətləri və iş şərtləri bölməsinin əməkhaqqı üzrə mütəxəssisi, baş iqtisadçı Patrik Belser ölkəmizdə əmək hüquqları sisteminin, eyni zamanda əməkhaqqı siyasətinin mütərəqqi beynəlxalq prinsiplər əsasında təkmilləşdirilməsi işlərinin BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıblar.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov "Azərbaycanda əməkhaqqı siyasəti ilə bağlı perspektivlər və məlumat mübadiləsi" mövzusunda təqdimatla çıxış edib, AHİK və ASK-nın nümayəndələrinin də müvafiq mövzularda təqdimatları olub.

Üç gün davam edən seminarda "Əməkhaqqı ilə bağlı son tendensiyalar", “Minimum əməkhaqqı nə üçündür?", "Minimum əmək haqqının müəyyənləşdirilməsinin prinsipləri. BƏT-in 131 nömrəli Konvensiyası və müvafiq sahədə beynəlxalq təcrübə",  "Bərabər ödəniş prinsipləri (BƏT-in 100 nömrəli Konvensiyası)" və digər mövzularda təqdimatlar oldu və müzakirələr aparıldı.

 Bəyalı RZAYEV