“Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri”


Baxıldı : 41

Tarix : 2017-09-16 01:01:40


Sentyabrın 11-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə "Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri" mövzusunda seminar keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev tədbirdə çıxış edərək bildirib ki, Dayanıqlı İnkişaf Proqramı dünyanın 193 ölkəsini əhatə edir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə fəaliyyətə onların və əlaqədar hədəflərin milliləşdirilməsindən və ölkənin inkişaf gündəliyinə daxil edilməsindən başlanılıb. Azərbaycanda DİM-lərin və onlara uyğun olaraq müəyyənləşdirilmiş hədəf və göstəricilərin milliləşdirilməsi və ölkənin inkişaf gündəliyinə daxil edilməsi məqsədilə işçi qrupları və tərəfdaşlarla birgə hazırda ölkəmizdə qüvvədə olan strategiyalar, proqramlar və digər siyasi sənədlər nəzərdən keçirilir və boşluqların aradan qaldırılması üçün planlar hazırlanır.

"2030 Gündəliyi"nin milli və yerli səviyyələrdə yer alması və inkişafı üçün milli, regional və yerli planlara, müvafiq olaraq büdcə ayırmalarına inteqrə edilməsi nəzərdə tutulur. Azərbaycanda DİM-lərin inkişaf gündəliyinə daxil edilməsi və milliləşdirilməsi işini tamamlamaq, o cümlədən bu istiqamətdə hazırlanmış sənədlərin layihələrini və müvafiq fəaliyyət planlarını müzakirə edib ümumi razılığa gəlmək və təsdiqləmək üçün bütün maraqlı tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli bir forum keçirilməsi də planlaşdırılır. BMT-nin ölkəmizdəki nümayəndəliyi bu tədbirin təşkilinə dəstək göstərmək niyyətini bildirib.

Qeyd edilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin birincisi və ən önəmlisi məhz dünyanın hər yerində hamı üçün yoxsulluğun bütün formalarına son qoymaqdır. Bu məqsədə nail olmaq üçün Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəfi bütün səviyyələrdə yoxsulluqla mübarizə tədbirlərini gücləndirməklə ölkədə mütləq yoxsulluq səviyyəsini mümkün olan minimuma endirmək və əhalinin bütün təbəqələrinin rifah halını yüksəltməkdir. Azərbaycan 2000-ci ildə Minilliyin Bəyannaməsinə qoşularaq yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlər həyata keçirib və mühüm nəticələr əldə edib. Bir sıra dövlət proqramlarının qəbulu və icrası nəticəsində ölkədə yoxsulluğa son qoyulub, mütləq yoxsulluq səviyyəsi xeyli dərəcədə azaldılıb, əhalinin rifahının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının yaşayış şəraiti yaxşılaşdırılıb. 2001-ci ildən başlayaraq ölkəmizdə milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2015-ci ildə 49 faizdən 8,6 dəfə azalaraq 4,9 faiz səviyyəsinə düşüb.

Azərbaycan həmkarlar ittifaqları əhalinin məşğulluğuna dair məsələləri daim diqqət mərkəzində saxlayır, dövlət məşğulluq siyasətinin işlənilməsində və həyata keçirilməsində, müvafiq dövlət proqramlarının hazırlanmasında və icrasında, əmək qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak edir. Bundan başqa, işçilərin əmək hüquqlarının qorunmasını təmin edir, onların kütləvi şəkildə ixtisarlarının qarşısını alır, mövcud iş yerlərinin qorunub saxlanılmasına çalışır. Məşğulluq problemlərinin həll edilməsində sosial tərəfdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Baş Kollektiv Sazişdə məşğulluğa dair ayrıca bölmə öz əksini tapır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası eləcə də layiqli əmək və sosial ədalət uğrunda həyata keçirdiyi tədbirlərin sosial tərəfdaşlıq prinsipləri əsasında hökumət və işəgötürənlərlə dialoq aparılmasına sadiqdir.

2016-cı ilin sentyabrında BƏT və sosial tərəfdaşların iştirakı ilə "Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" işlənib hazırlanıb və qəbul edilib. Bu proqramın və ölkədə layiqli əməyin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu, vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə AHİK-in İcraiyyə Komitəsində "Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası qəbul edilib. Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və səkkiz istiqamət üzrə görəcəyi işlər müəyyənləşdirilib.

Beynəlxalq Əmək Təşkilatının eksperti Anna Biondi Dayanıqlı İnkişaf Proqramının Azərbaycanda icrasının uğurla aparıldığının elə Bakı ilə ilk tanışlığından şahidi olduğunu söylədi: "Bakı çox gözəldir. Burada dayanıqlı inkişafın tərkib hissəsi olan turizmin tərəqqisi üçün hər cür şərait var. Respublikanızda dəfələrlə tədbirlərdə iştirak etmiş həmkarlarımın verdiyi məlumata görə, regionlarınız da həm təbii gözəlliyi, həm də abadlığı, tarixi abidələri baxımından turistlərin marağını doğura bilən məkanlardır". Anna xanım bir məsələni də xüsusi vurğuladı. "Azərbaycan hökumətinin BƏT-in konvensiyalarının ratifikasiya edilməsi baxımından MDB ölkələri sırasında ön yerlərdən birini tutması məni sevindirdi", - dedi.

Bildirdi ki, biz bu gün dayanıqlı inkişafla bağlı çox vacib suallara cavab axtaracağıq. Kişi və qadınların əməyinin ödənilməsində mövcud fərqin aradan qaldırılmasına, ətraf mühitin istehsalat tullantıları ilə çirklənməsinin qarşısının alınmasına və sair problemlərə necə nail olunmalı? Bütün bunlar həmkarlar ittifaqlarının qarşısında duran ciddi məsələlərdir.

BƏT-in Moskva Bürosunun eksperti Qoça Aleksandriya Azərbaycanı regionun lider dövləti adlandırdı. Dedi ki, təkcə region respublikalarından deyil, dünyanın bir çox ölkələrindən bura işləməyə insanlar gəlir. Bu faktın özü göstərir ki, Azərbaycan iqtisadiyyatı daimi inkişafdadır. Başqa sözlə, onun iqtisadiyyatı dayanıqlıdır.

Q.Aleksandria dedi ki, bir çox dövlətlərdə, elə BƏT-in özündə bəzi qurumlarda yeraltı sərvətlərə insan amilindən kənarda baxırlar. Halbuki digər iqtisadi sahələr kimi, yeraltı sərvətlərin istehsalında da öndə insan amili durur. Azərbaycan bu baxımdan nümunədir. Siz nefti insan kapitalına çevirməyi bacarırsınız.

Natiq bəzi ölkələrdə hökumətlərin həmkarlar ittifaqına göstərdiyi münasibətə də toxundu. Onlar həmkarlar ittifaqını lazımsız bir təşkilat kimi görürlər. Deyirlər ki, onsuz da müəssisələrin rəhbərliyi işçilərin sosial problemlərinin həllini həyata keçirir. Bəlkə də belədir. Amma axı iş təkcə sosial problemlərin yoluna qoyulması ilə bitmir. İşçilərin əmək və sair hüquqlarının qorunması məsələsi də var.

BƏT-in əməyin mühafizəsi üzrə müfəttişi Valentin Mokanu dedi ki, bütün cəhdlərimizə baxmayaraq, istehsalatda ölüm halları azalmır. Təkcə ötən il istehsalatda 2 milyon 700 min ölüm hadisəsi qeydə alınıb.

Bu, keçən illə müqayisədə xeyli çoxdur. Ölüm halları işəgötürənlərin əməyin mühafizəsinə, işçilərin həyatına laqeydliyi və işçilərin özlərinin səhlənkarlığı ucbatından baş verir.

O, seminar iştirakçılarından monitorda göstərilən bir fotoya diqqətlə baxmağı xahiş etdi. Bu şəkil Moskvada BƏT-in ofisinin yaxınlığında olan bir binada çəkilmişdir. Görürsünüzmü, yuxarı mərtəbələrdən birinin şüşəsini təmizləyən işçi ayağına güclə yer tapıb. Bircə anlıq diqqəti yayınsa sürüşüb yıxılması labüddür. Onun təhlükəsizliyini təmin etmək üçün nə lazımdır? Bir neçə metrlik kəndir. Bu elə də böyük xərc aparan əşya deyil. Halbuki işəgötürənlər qarşılarına əməyin təhlükəsizliyi barədə tələb qoyanda çarəsiz görkəm alıb deyirlər ki, buna külli miqdarda vəsait lazımdır. Müəssisəmizin o qədər gəliri yoxdur.

Həmkarlar ittifaqı təşkilatı olaraq siz işçilərə hüququnu, işəgötürənlərə isə məsuliyyətini izah etməlisiniz. BƏT-in 155 saylı Konvensiyasında açıq yazılıb: "İşçinin təhlükəsizliyi təmin olunmadıqda işçi onu yerinə yetirməkdən imtina edə bilər". Düzdür, işçilərin böyük qismi, xüsusilə miqrantlar işini itirməmək üçün "imtina" sözünü dillərinə belə gətirməkdən çəkinirlər. Amma həmkarlar ittifaqları işçiləri sona qədər müdafiə etmək missiyasına sadiq qalsa, işəgötürənlərin işçilərlə öz istədikləri dildə danışmağa cəsarətləri çatmaz.

AHİK-in mütəxəssisi Röya Qarayevanın geniş məruzəsi dinlənildi.

Gündəlikdə duran məsələ ilə əlaqədar Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, AHİK-in Təşkilat İşləri və Məlumat Şöbəsinin müdir müavini Əli Cəfərov, mütəxəssisi Elmira Cabarova çıxış etdilər.

Seminarın moderatoru Sergius Qlovaskas “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri" mövzusunda təqdimat etdi.

B.RZAYEV