Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğində həmkarlar ittifaqlarının rolu


Baxıldı : 86

Tarix : 2019-10-11 17:56:01


Oktyabrın 4-də Şirvan şəhərində Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “2019-cu ilin iyulunda Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə yüksək səviyyəli forumun yekunu və qarşıda duran vəzifələr, tövsiyələr”  mövzusunda seminar təşkil olundu. Tədbirdə AHİK-in katibi-Aparat rəhbəri Həsən Cəfərov giriş sözü söylədi və seminarın məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verdi. Seminar iştirakçılarının nəzərinə çatdırdı ki, davamlı iqtisadi inkişafa imkanların yaradılması və “heç kimin geridə qalmaması” prinsipi Azərbaycan üçün  prioritetdir. Respublikamız davamlı inkişafa keçmək və milli inkişaf strategiyasını DİM-lərə uyğunlaşdırmaq baxımından çox iş görmüşdür. Əsas sektorların sosial və iqtisadi inkişafı üçün qısa müddətli (2020-ci ilədək), orta müddətli (2025-ci ilədək) və uzunmüddətli (2025-ci ildən sonraya) hədəfləri olan strateji yol xəritələrini təsdiqləmişdir. Yeri gəlmişkən deyim ki, Azərbaycan regionda bu məqsəd üçün yol xəritələrini təsdiqləyən ilk ölkədir. Məhz buna görə də Azərbaycan Dünya Bankının 2018-ci il üçün Ticarətin Asanlığı Hesabatında top 10 ölkə sırasına daxil edildi. Əlverişli investisiya hədəfi olan 190 ölkə sırasında 25-ci yeri tutdu.

 

AHİK-in Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Röya Qarayeva çıxış edərək bildirdi ki, ölkəmizdə DİM-lərin səmərəli və əhatəli icrası istiqamətində uğurlu addımlar atılmışdır. 2017 və 2018-ci illərin iyul aylarında Yüksək Səviyyəli Siyasi Forum üçün “Dəyişən dünyada tərəqqinin təşviqi və yoxsulluğun aradan qaldırılması” tematik planına uyğun olaraq Könüllü Milli Hesabatımız BMT-yə təqdim olunmuşdur. Bu hesabatlar iştirakçı ölkələrin nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə edilən nailiyyətlərdən danışan Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov bildirdi ki, “Minilliyin İnkişaf Məqsədləri”ndə 2015-ci ilə qədər yoxsulluğun 15 faizədək azaldılması nəzərdə tutulduğu halda, Azərbaycanda bu göstərici 5 faizə endirilib və aclıq deyilən məfhum tamamilə aradan qaldırılıb: “Bu gün Azərbaycan BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” Bəyannaməsini ən uğurla yerinə yetirən, tolerantlığa, multikulturalizmə töhfə verən ölkələrdən, ailə, yaşlı-gənc, qadın-kişi münasibətlərində müsbət mentalitetin qorunub saxlandığı az sayda dövlətlərdən biridir. Ölkədə bütün qızlar və oğlanlar tam olaraq ibtidai təhsilə cəlb olunur. Ana ölümü və 5 yaşadək uşaq ölümünün səviyyəsi 2000-ci illə müqayisədə 2 dəfədəyək aşağı salınıb. Bundan başqa, 2003-2018-ci illərdə ölkədə 2 milyona yaxın yeni iş yeri açılıb ki, bunların da 74%-i yəni, 1,4 milyonu daimidir”.

AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təbliğində Azərbaycan həmkarlar ittifaqlarının rolundan, bu istiqamətdə görülən tədbirlərdən danışdı.

Tədbirdə müzakirə olunan məsələlər ətrafında diskussiyalar aparıldı və sonda qruplar üzrə hesabatların nəticələri dinlənildi.

Aliyə SƏMƏDOVA