Dayanıqlı iqtisadi inkişaf


Baxıldı : 258

Tarix : 2017-02-10 23:28:34


Mövcud resurslar nəzərə alınmaqla və ağır sənaye və maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyası, ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılması, ətraf mühitin qorunması və nəticədə, dayanıqlı iqtisadi inkişafa nail olmaq, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etmək  başlıca məqsəddir.

 Bütün bunlar "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə əks olunub. Ağır sənaye və maşınqayırma, əsas etibarilə özündə istehsal vasitələrinin istehsalını birləşdirən sahələri əhatə edir.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ölkəmiz üçün bu sektorun inkişafı prioritet əhəmiyyət daşıyır. Strateji Yol Xəritəsində konkret fəaliyyət növlərinə əsaslanan islahatların aparılması nəzərdə tutulub. Bu məqsədə çatmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla, növbəti illər ərzində respublikamızda ağır sənaye və maşınqayırma sahəsində mövcud aktivlərin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi kimi strateji hədəflər müəyyən edilib. 

Ekspert deyib ki, nəzərdə tutulan fəaliyyətlərdən biri də istehsalda yeni texnologiyadan istifadə etməklə qənaət prosesinin əldə edilməsidir. Bu sektorda kadrların ixtisasa uyğun seçimi də vacibdir. Ağır sənaye və maşınqayırma sahəsi məhsullarının həm ölkəmizdə bazarı var, həm də xarici bazara çıxış imkanları. Həmçinin gəlir gətirən sahədir. Bu sektor daha çox sərmayə tələb edir. Ona görə də, investisiya mühiti yaxşılaşdırılmalıdır. Xarici investisiyaların da buraya cəlb olunması üçün bir sıra proqramlar həyata keçirilməlidir. Əks halda böyük müəssisələr və şirkətlər bunda maraqlı olmayacaqlar. Dövlət tərəfindən güzəştlər paketinin genişləndirilməsinə və dəstəyin göstərilməsinə ehtiyac var. Eyni zamanda subsidiyaların da artırılması nəzərə alınmalıdır. Vergi güzəştlərinin tətbiqi lazımdır. Sahibkarlıq mühiti qorunmalıdır. Bütövlükdə bu sektorun inkişaf etdirilməsi enerji balansının optimallaşdırılmasına imkan verir, daxildə tələb olunan məhsulların yerli istehsal hesabına qarşılanmasına gətirib çıxarır. Həm də ki, ixrac imkanlarını genişləndirir. Bu isə ölkəyə valyuta axınına səbəb olur. Əlbəttə digər vacib məqam isə məşğulluğun təmin olunması və yeni iş yerlərinin yaradılmasıdır. Böyük sektor olduğundan bu amili də nəzərdən qaçırmaq olmaz. Çünki açılacaq iş yerlərinin sayı artacaq, həm də əməkhaqları yüksək olacaq.

Azər MUSTAFAYEV