“Dəmiryolçu və metropolitençi peşələri şərəfli və məsul peşədir”


Baxıldı : 65

Tarix : 2018-05-12 04:06:41


Bu günlərdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi  Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə birgə 212 saylı tam orta məktəbdə “Dəmiryolçu və metropolitençi peşələri şərəfli və məsul peşədir” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş  söz ilə Mərkəzin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov açdı. O, peşə təhsili sistemini əhatə edən islahatlar, peşə təhsilinin modernləşdirilməsi, o cümlədən 120 illik tarixə malik Mərkəzin dünəni və bu günü barədə məlumat verdi.

Sonra Mərkəzin fəaliyyətinə dair videoçarx nümayiş olundu.

Bundan sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi  Nəcəf Novruzov, Mərkəzin tədris hissə müdiri Oruc Həsənov, tərbiyə işləri üzrə direktor müavini Aybəniz Məmmədova, baş istehsalat təlimi ustası Fikrət Ağayev çıxış etdilər.

Tədbir “Şagirdlərin peşəyə yönləndirilməsi” mövzusu ətrafında müzakirələrlə davam etdi.  212 saylı məktəbin direktoru Qurban Həsənov valideyn şuraları  və  şagird özünüidarə təşkilatları ilə aparılan işlərdən danışdı. 34 nömrəli məktəbin direktor müavini Nəcibə Baxşəliyeva orta məktəblərdə “Açıq qapı” günlərinin keçirilməsini təklif etdi. Dedi ki, peşəyə yönləndirmənin hətta 8-ci sinifdən başlanması daha qənaətbəxş olardı.

304 nömrəli məktəbin təşkilatçısı Aidə Quliyeva peşənin səhv seçilməsinin uğursuz nəticələrindən söz açdı, 45 saylı məktəbin təşkilatçısı Nazilə Əliyeva orta məktəb şagirdlərinin peşəyə marağını artırmaq məqsədilə Dəmiryoluna və Metropolitenə ekskursiyaların təşkil olunmasını faydalı saydı.

Esmira XƏLİLOVA,

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin informatika müəllimi