Demokratik prinsiplər əsasında qurulan dövlət


Baxıldı : 30

Tarix : 2019-06-07 12:43:14


“Cümhuriyyət hökuməti respublikada iqtisadi vəziyyətin yaxşılaşması, sosial problemlərin həlli istiqamətində ciddi addımlar atmağa səy göstərirdi”. Bu sözləri qəzetimizə müsahibəsində AMEA-nın Azərbaycan Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov  deyib.

O bildirib ki, XX əsrin əvvəlində Şimali Azərbaycan ərazisində milli dövlətçiliyin bərpası Azərbaycan xalqının milli tarixində xüsusi yer tutur. 23 ay yaşamasına baxmayaraq, biz bir millət olaraq dövlət qurmaq, onu təşkil etmək və yaşatmaq faktını bütün dünyaya nümayiş etdirdik. Bu, ən demokratik prinsiplər əsasında qurulan dövlət idi.  

Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlardan danışaraq vurğulayıb ki, Azərbaycanda dövlətçiliyin bərpası iqtisadiyyatın da tamamilə yenidən qurulmasını tələb edirdi: “Hökumətin iqtisadiyyat sahəsində əsas vəzifəsi yalnız dağılmış təsərrüfat sahələrini bərpa etmək deyil, həm də yeni iqtisadi sistemin prinsiplərini müəyyənləşdirmək və bu əsasda köklü islahatlara başlamaq idi. Mülkiyyət formalarının müxtəlifliyi üçün bərabər imkan yaradan şəraitin təmin edilməsi ideyası respublikanın iqtisadiyyat sahəsinə aid ilk qanunvericilik aktlarının əsasını təşkil edirdi”.

Parlamentin qəbul etdiyi qanunlar toplusunda sosial, siyasi, hərbi, xarici siyasət məsələləri ilə bağlı çox mühüm müddəalar əks olunmuşdur. 

Cümhuriyyət hökumətinin sosial siyasətinin əsasında  fəhlə və dövlət qulluqçularının, ümumiyyətlə, zəhmətkeş əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, sahibkarlar və fəhlələr arasındakı münaqişələrin həll edilməsi, sosial təminat sahəsinin inkişafı, ilk növbədə pensiya və sığorta siyasətinin əsaslı surətdə formalaşdırılması, sosial problemlərin həlli və tənzimlənməsi istiqamətində müxtəlif siyasi qüvvələrlə əməkdaşlığa nail olunması, xüsusi olaraq sahibkarlar və fəhlələrin maraqlarını ifadə edən təşkilatlarla, həmkarlar ittifaqları ilə müvafiq birgə fəaliyyətin əlaqələndirilməsi və digər məsələlər üstünlük təşkil edirdi.

Bununla əlaqədar parlamentdə bir neçə komissiya yaradılmışdı. Hətta onların tərkibinə parlamentdə təmsil olunan müxtəlif siyasi partiyaların nümayəndələri daxil edilmişdi. Əməkhaqqı, tibbi xidmət və digər sosial məsələlərlə bağlı qanunların qəbul edilməsinə təşəbbüslər göstərilmişdi.

Sosial problemlərin, ən başlıcası isə fəhlə məsələsinin tənzimlənməsi ilə həm parlamentin fəhlə komissiyası, həm də Əmək Nazirliyi məşğul olurdu.

Ümumiyyətlə, ölkədə müşahidə olunan siyasi qeyri-sabitlik, xarici təhlükənin mövcudluğu və digər  mənfi amillərin müvafiq təsirinə baxmayaraq, Xalq Cümhuriyyətinin rəhbərliyi iqtisadi vəziyyətin yaxşılaşması, sosial problemlərin həlli istiqamətində ciddi addımlar atmağa cəhd edir, müxtəlif sosial proqramların həyata keçirilməsini planlaşdırırdı.

Lakin, əfsuslar olsun ki, 1920-ci ilin aprelin 28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində hökumət bu istəklərini tam reallaşdıra bilmədi.

AZƏR