Demokratik və ədalətli əmək şərtlərinin yaradılması


Baxıldı : 244

Tarix : 2018-01-19 19:33:14


Yanvarın 5-6-da Türkiyənin paytaxtı Ankara şəhərində “MEMUR SEN”in təşkilatçılığı ilə “Beynəlxalq norma və kollektiv müqavilələrin Türkiyə İdarələri İşçiləri Həmkarlar İttifaqlarında tətbiqi metodları” mövzusunda simpozium keçirilmişdir. Tədbirdə Türkiyə, Azərbaycan, Xorvatiya, Sudan, Əlcəzair, Seneqal, Malayziya və s. ölkələrdən olan həmkarlar ittifaqı nümayəndələri və fəallar iştirak etmişlər.

Simpoziumu giriş sözü ilə “MEMUR SEN”in sədri Yalçın açdı. O, iştirakçıları Türkiyə həmkarlar ittifaqlarında olan ümumi vəziyyətlə tanış etdi. Kollektiv müqavilənin həmkarlar ittifaqları üçün daşıdığı əhəmiyyətdən, bu sənəddə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarətin artırılmasının vacibliyindən danışdı.

Dedi ki, dövlət idarələrində çalışan həmkarlar ittifaqları üzvləri üçün demokratik və ədalətli əmək şərtlərinin yaradılması qarşımızda duran başlıca vəzifələrdən olmalıdır.

Simpoziumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdirinin müavini Asəf Ağayev və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Aparatının Beynəlxalq və İqtisadi Münasibətlər Şöbəsinin müdiri Firənginaz Ağayeva iştirak etmişlər. Onlar çıxış edərək tədbir iştirakçılarına AHİK sədri, BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyevin və DİİXİHİ Respublika Komitəsinin sədri Hikmət Osmanovun salamlarını çatdırmışlar. Sonra ölkəmizin həmkarlar ittifaqlarının tarixi və bu günü, kollektiv müqavilələrin icrası, aztəminatlı ailələrə dəstək, irqi, etnik və dini ayrı-seçkilik, sosial məhdudlaşdırma hallarına qarşı mübarizə, gender bərabərliyi və s. sahələr üzrə atılan addımlar barədə dolğun məlumat vermişlər. Problemlərin həlli üçün görülən tədbirləri diqqətə çatdırmışlar.