Dəniz sərvətlərimizi qoruyaq


Baxıldı : 115

Tarix : 2017-03-04 04:32:32


Qeyri-neft sektorunun inkişafı həm də əhalinin qida ilə təmin olunmasında çox mühüm rol oynayır. Əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində müəyyən irəliləyişlər var. Ətdən sonra istifadə etdiyimiz ərzaq məhsullarından ən mühümü balıqdır. Xəzər dənizində çox qiymətli balıqlar var. Dünyada nərə balıqlarının 80 faizi Xəzərdədir. Qızıl balıq növü isə Kür çayı üzərində su elektrik stansiyaları tikiləndən sonra sürətlə azalıb və demək olar ki, təsadüfi hallarda tora düşür. Baxmayaraq ki, ötən il balıqyetişdirmə zavodlarından 406 milyon ədəd balıq sürfəsi böyüdülərək dənizə buraxılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin məlumatına görə, bütün balıq növləri üzrə müəyyən edilmiş proqramlara əməl olunub. Su hövzələrinə buraxılan balıq körpələrinin 7,57 milyonunu nərəcinslilər, 398,81 milyonunu çəkikimilər, 200 minə yaxınını isə qızılbalıqlar təşkil edir. Departamentin bölmə müdiri Qəhrəman Zahidli bildirdi ki, nərə balıqlarını yetişdirən zavodun 3-ü Neftçalada, 1-i isə Şirvanda yerləşir. Qızıl balıq isə Qəbələ və Göygöl rayonlarındakı zavodlarda çoxaldılır.

Neftçaladakı Xıllı Nərə Balıqartırma Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri Seymur Alışov dedi ki, müəssisəmizdə balıqartırma tarixində ilk dəfə olaraq süni yolla kürü yetişdirilir. Kürüdən-kürüyə prinsipi qorunaraq zavodda saxlanılan və törədici fondun tərkibinə daxil edilən törədici balıqlardan cinsi məhsullar alınır. Hazırda zavodda süni yolla alınmış 5500-dən çox nərə balığı saxlanılır. Onu da deyim ki, Xəzəryanı ölkələr arasında zavodumuz Rusiya və İrandan sonra 3-cü yerdədir.

Bütün bunlara bax-mayaraq, Azərbaycanda balıq bir çox ölkələlrlə müqayisədə xeyli bahadır. Məsələn,  nərə balığına mağazalarda az-az rast gəlinir. Bazarlarda isə istədiyin qədər balıq və kürü tapa bilərsən. Bu yaxınlarda əvvəllər bu sahədə çalışan mütəxəssis Nizami Əliyevlə söhbətimiz oldu. O qeyd etdi ki, neçə illərdir Xəzərə milyonlarla balıq sürfəsi buraxılır. Qoy onların yarısı məhv olsun, qalanları isə artıq böyüyüb istənilən çəkini almalıdır. İndiki vaxtda bu sərvətdən yaxşı istifadə etsək, dövlət büdcəmizin müəyyən hissəsini toplaya bilərik. Ancaq, təəssüf ki, bu sahə brokonyerlərin əlindən qurtarıla bilmir. Bir neçə dövlət təşkilatının nəzarət etdiyi dəniz sərvətlərimizi qorumağa borcluyuq və bacarmalıyıq. Ona görə ki, gələcək nəsillər onları şəkillərdən və televiziya ekranlarından izləməsinlər.