Dənizçilərlə iş üstündə görüşdülər


Baxıldı : 97

Tarix : 2017-08-18 23:53:14


Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları iş planına uyğun olaraq vaxtaşırı kollektivlərə gedir, işçilərin əmək şəraiti ilə maraqlanır, arzu və təkliflərini dinləyirlər. Növbəti belə görüşlər Dəniz Nəqliyyatı Donanmasının "Azərbaycan", "Babək", "Mahmud Rəhimov" və Xəzər Dəniz Neft Donanmasının "Şirvan", "V.Cəfərov", "Neftqaz-4" gəmilərinin heyət üzvləri ilə keçirilib. Görüşlər zamanı dənizçilər işlədikləri sahədə mövcud olan vəziyyət barədə məlumat veriblər. İş yerində texniki təhlükəsizliyin təminatı, əməkhaqqının, müavinətlərin, əlavə iş saatları üçün haqqın ödənilməsi, xüsusi geyimlərlə təchizat və sair məsələlərə toxunublar. İlk təşkilatın onların əmək, sosial hüquqlarının qorunması, kollektiv müqavilədə götürülən öhdəliklərin icrası və sair istiqamətdə görülən işlərə münasibətini bildiriblər, problemlərini söyləyiblər.

Respublika Komitəsinin əməkdaşları işçilərin təkliflərini, qaldırdıqları problemləri qeydə almış, onların çoxsaylı suallarını cavablandırmışlar.

Respublika Komitəsinin əməkdaşları Zığ Gəmi Təmiri və Bibiheybət Gəmi Təmiri zavodlarında da olmuşlar. Bu müəssisələrdə onlar ilk təşkilatların sədrləri ilə birgə işçilərin sosial, məişət problemləri ilə maraqlanmışlar. Bu görüşlərdə əldə olunan məlumatlara Respublika Komitəsində baxılması nəzərdə tutulub.