Dərmanlar qeydiyyatdan keçməlidir


Baxıldı : 230

Tarix : 2017-12-22 23:00:05


Ölkəmizə dərman preparatlarının böyük əksəriyyəti xarici ölkələrdən gətirilir. Bəzən həmin dərmanlar standartlara cavab vermir. Belə ki, bəzilərinin tərkibində təsiredici maddələrin miqdarının az olmasına görə qiyməti də ucuz başa gəlir və keyfiyyəti aşağı olur.

Bəs bu cür dərman preparatları ölkəyə necə gətirilir? Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyən dərmanlar satışa buraxılırmı?

Suallarımızı cavablandırması üçün tibb elmləri doktoru, professor Adil Qeybulla ilə əlaqə saxladıq. O bildirdi ki, ölkəyə daxil olan hər bir dərman Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzində qeydiyyatdan keçməlidir: "Azərbaycana lisenziyası olmayan, keyfiyyət parametrləri aşağı olan, bəzən tərkibində təsiredici komponentlər olmayan dərmanlar gətirilir. Bu günlərdə nazirlik Türkiyənin “Universe Pharma İlac" şirkətinin istehsalı olduğu göstərilən “OKSİAM-B" adlı göz damcısının saxta olmasını aşkarladı. Araşdırma zamanı məlum olub ki, adıçəkilən şirkətin məhsulun qablaşdırılması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil. Və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu tərəfindən dövlət qeydiyyatına alınmayıb. Əslində Səhiyyə Nazirliyində reyestrdən keçməyən, laboratoriyada yoxlanılmayan dərmanların istifadəsi qeyri-qanuni sayılır. Əgər nazirlik iddia edirsə ki, ölkəyə keyfiyyətsiz dərmanlar daxil olur, özü bu haqda ölçü götürməlidir. Bu, cinayət tərkibli olan bir məsələdir.

Onu da qeyd edim ki, ölkədə dövlət farmasiyası, dərman vasitələrinin reyestri yoxdur. Sadəcə olaraq, dərmanlar Səhiyyə Nazirliyinin laboratoriyasında İnnovasiya Mərkəzində qeydiyyata alınır. Və Nazirlik də dərmanların keyfiyyət parametrlərinə cavabdehdir. Təəssüflər olsun ki, xeyli dərman preparatları var ki, ölkədə dərman bazarına ayaq açıb və son nəticədə bu cür vəziyyət yaranıb".

Aliyə SƏMƏDOVA