Dərnəklərlə bağlı kompleks tədbirlər görülməlidir


Baxıldı : 111

Tarix : 2017-06-02 22:02:36


Uşaqların asudə vaxtının səmərəli təşkilinin ən yaxşı nümunələrindən biri onların müxtəlif dərnəklərə cəlb olunmasıdır. İdman, musiqi, rəsm dərnəkləri onların psixoloji sağlam böyümələrinə müsbət təsir göstərir.

Belə dərnəklərə cəlb olunan uşaqlarda öz bacarıqlarının nümayişi fonunda özünə inam hissi möhkəmlənir. Dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır. Lakin, təəssüflər olsun ki, hazırda ölkəmizdə dərnəklərin seçimi bir o qədər də ürəkaçan deyil. Digər problem isə onların yerləşdiyi ərazi, vaxt və pul itkisidir.

Dərnəklərin fəaliyyətində həqiqətən də boşluq olduğunu söyləyən sosioloq Əhməd Qəşəmoğlu qəzetimizə verdiyi müsahibədə bildirdi ki, hələ Sovet dövründən  Azərbaycanda kifayət qədər dərnək fəaliyyət göstərirdi və şagirdlər həmin şəraitdən istifadə edirdilər.

Ekspert hər bir yaşayış kompleksinin ərazisində uşaqların asudə vaxtını keçirməsi üçün kifayət qədər dərnəklər şəbəkəsinin yaradılmasının zəruriliyini dedi: "Əks halda uşaqlar vaxtını internet klublarda əxlaq normalarına zidd videolar və döyüş səhnələri olan filmləri izləyərək keçirir. Bu  da pedaqoji nöqteyi-nəzərdən onların davranışına gələcəkdə neqativ təsir edir. Yeniyetmələrin çayxanalara getməsi təhlükə mənbəyidir. Orada uşaqlar xoşagəlməz vərdişlər öyrənirlər".

Sosioloq bildirdi ki, uşaqların arzuolunan səviyyədə inkişaf etməsi üçün üç faktora ciddi fikir verilməlidir: mühit, qəbul edilən informasiya və əməyə yaradıcı münasibət tələbatı: "Ona görə biz uşaqlara öz qabiliyyətini inkişaf etdirməyə imkan verən konstruktor, dizayner,  ədəbi, bədii, zərgərlik və s. sahələr ilə bağlı dərnəklər yaratmalıyıq. Orta məktəbdə, təbii ki, hamı yaxşı oxuya bilməz, bir qrupda 30 şagird varsa, cəmi 5-10 nəfəri əlaçı olur. Riyaziyyatı, fizikanı, kimyanı yaxşı bilməyən uşaqlar həmin bu dərnəklərdə öz şəxsiyyətini təsdiq etmək üçün yeni bir istiqaməti tapırlar".

Ə. Qəşəmoğlu bildirdi ki, bu işlər Təhsil, Gənclər və İdman nazirliklərinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının öhdəsinə düşür. Eyni zamanda bələdiyyələr də bu sahədə  aktiv iştirak etməlidirlər. 

Həmçinin dərnəklərin fəaliyyətinə valideynlər də, məktəblər də maraqlıdır.

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov isə hesab edir ki, özəl dərnəklər ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən aztəminatlı əhali üçün ödənişsiz fəaliyyət göstərən dərnəklərin təşkil edilməsi də vacibdir.

Yusif müəllim onu da bildirdi ki, internet klublardakı oyunların bir saatı 30-40 qəpiyə olduğu halda, ən ucuz məşğələnin qiyməti 20 manatdır: "Belə bir vəziyyətdə valideynlər nə etməlidir? Sosial və maddi durumuna görə məcburdur ki, ən ucuz vasitəni seçsin".

Qurum rəhbərinin fikrincə, ilk növbədə məktəbdənkənar müəssisələr üçün müasir tələblərə cavab verən binalar tikilməlidir. Bütün bunları ümumiləşdirərək məktəbdənkənar təhsillə bağlı məsələlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır.

Günel QULİYEVA