Dəyişiklik həyat standartlarının pozulmasına rəvac verəcək


Baxıldı : 41

Tarix : 2017-11-24 23:20:23


Rumıniyada sosial təhlükəsizlik xərclərinin işçilərin maaşından tutulması böyük etiraza səbəb olub. Noyabrın 12-dən başlayaraq Alba, Arad, Konstanta, Braşov və digər şəhərlərdə etiraz aksiyaları keçirilib.

Hökumət bir müddət əvvəl vergi hesablamalarında dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürüb. Təklifdə minimum əməkhaqqının yüksəldilməsi, lakin pensiyaların baza hissəsinə edilən ödənişlərin azaldılması nəzərdə tutulub. İşəgötürən təşkilatlar və illik gəliri 1 milyon avrodan az olan kiçik müəssisələr 16 faiz mənfəət vergisinin yerinə, ümumi gəlirin yalnız bir faizi miqdarında vergi ödəyəcək. Beləliklə, sosial təminatlarla bağlı hissə işçinin maaşından tutulacaq. Təklif qəbul edilərsə, 2018-ci ilin yanvarından qüvvəyə minəcək.

İndustriALL Qlobal İttifaqı məsələni Şri-Lankada keçirilən İcraiyyə Komitəsinin iclasında müzakirə edib və sosial təhlükəsizlik xərclərinin çalışanlar tərəfindən ödənişinin ləğvi üçün Rumıniya hökumətinə məktub göndərib.

İndustriALL-ın baş katibi Valter Sançez məktubda qeyd edib ki, Avropa ölkələrində sosial təhlükəsizliklə bağlı xərclər işəgötürənlər və çalışanlar tərəfindən ortaq ödənilir: "Əsasən sosial demokratlardan təşkil olunmuş bir hökumətin ölkədə əmək şəraitinə mənfi təsir edəcək bu qərarı verməsi gözlənilməzdir. Dəyişiklik vətəndaşların həyat standartlarının pozulmasına və əhalinin başqa ölkələrə üz tutmasına səbəb olacaq. Təklif beynəlxalq təşkilatların konvensiya və standartlarını da heçə sayır. Bu, ümumbəşəri insan haqları və əmək hüquqlarına da ziddir".

Baş katib hökuməti işçilərin hüquqlarını təmin edəcək siyasi xətti izləməyə, sosial müdafiə haqlarının ümumi məsuliyyətini qoruyub saxlamağa çağırıb.

Cavid SƏFƏROV