Dəyişikliklər qəbul edilib


Baxıldı : 146

Tarix : 2017-04-08 05:53:10


Aprelin 7-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası  parlamentin Sədri  Oqtay Əsədov açıb.

Əvvəlcə  iclasda cari məsələlər ətrafında müzakirələr  aparılıb.  Millət vəkilləri Siyavuş Novruzov, Zahid Oruc, Aydın Mirzəzadə, Elmira Axundova, Mixail Zabelin, Əhliman Əmiraslanov, Əli Hüseynli, Çingiz Qənizadə, Azay Quliyev ictimai-siyasi hadisələrlə bağlı vacib məsələlərdən, ötən ilin aprel döyüşlərində ordumuzun əldə etdiyi uğurlardan   danışıblar.

İclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul olunub.

Daha sonra gündəlikdəki  digər məsələlərin  müzakirəsinə başlanılıb. Əvvəlcə bir sıra beynəlxalq sənədlər təsdiq edilib.

İclasda "Meliorasiya və irriqasiya haqqında", "Siyasi partiyalar haqqında", "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Veteranlar haqqında", "Milli arxiv fondu haqqında", "Təhsil haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Aviasiya haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" ,"Dövlət satınalmaları haqqında", "Dövlət borcu haqqında"  qanunlara, həmçinin Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə"də dəyişikliklər edilib.

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli və İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadənin təqdimatlarından sonra Cinayət, Vergi,  İnzibati Xətalar, İnzibati Prosessual, Mülki Prosessual, Mülki və Seçki məcəllələrinə təklif olunan dəyişikliklər müzakirə olunub.

"Banklar haqqında" qanuna təklif olunan dəyişikliklər barədə məlumat verən Komitə  sədri Ziyad Səmədzadə i bildirib ki, bu dəyişikliklər ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması məqsədi daşıyır və  İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələr də bu qanuna uyğunlaşdırılır.

Müzakirələrin sonunda Cinayət, Vergi,  İnzibati Xətalar, İnzibati Prosessual, Mülki Prosessual, Mülki və Seçki məcəllələrinə təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilib.

İclasda "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara dəyişikliklər edilməsi barədə məsələlər də təsdiqlənib.

Həmçinin  "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirədən sonra  birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

Bununla  da  Milli Məclisin iclası  başa  çatıb.

A.MUSTAFAYEV