Dialoqun vacibliyi önə çəkildi


Baxıldı : 155

Tarix : 2019-11-15 18:35:28


Almaniyanın beynəlxalq sement şirkəti olan “HeidelbergCement”in müxtəlif ölkələrdəki müəssisələrinin həmkarlar ittifaqı təşkilatları Frankfurt şəhərində bir araya gəliblər. Toplantıda tikinti materialları istehsal edən müəssisələrdə çalışanların hüquqları, sağlamlıq və təhlükəsizliyin təşkili, texnoloji  yeniliklərin tətbiqi və buna işçilərin reaksiyası müzakirə olunub. Fridrix Ebert vəqfi tərəfindən dəstəklənən toplantı  İndustriALL Qlobal İttifaqı, İnşaat və Meşə İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı nümayəndələrinin də iştirakı ilə İG BAU Almaniya Tikinti İşçiləri Həmkarlar İttifaqının peşə-tədris mərkəzində baş tutub.

Nümayəndələr “HeidelbergCement” şirkətindəki vəziyyəti müzakirə ediblər. Burada beynəlxalq bazarda rəqabətə tab gətirmək üçün atılan addımlardan danışılıb. İqlim dəyişikliyi ilə bağlı 2050-ci ilə qədər şirkətin karbon-neytral beton istehsal edəcəyi bildirildi. Problem kimi isə sektorda qadın işçilərin azlığı və çalışanlar arasında gənclərin sayının artması imkanları müzakirə olundu.

Digər müzakirə mövzusu isə qeyri-Avropa ölkələrində “HeidelbergCement”in həmkarlar ittifaqı təşkilatları ilə dialoqunun düzgün qurulmamasıdır.

Toplantıda çıxış edən İndustriALL Qlobal İttifaqının tikinti materiallarının istehsal üzrə nümayəndəsi Aleksandr İvanov bildirdi ki, “HeidelbergCement” rəhbərliyi beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə qarşılıqlı dialoqa önəm verməli, fəaliyyət göstərdiyi 60 ölkədə həmkarlar ittifaqı təşkilatları ilə danışıqları Avropa səviyyəsinə çatdırmalıdır: “Əgər bu gün burada idarəetmə heyətindən məsul şəxs iştirak etsəydi, bir sıra problemin dəyirmi masa ətrafında müzakirəsi üçün imkan yaranardı. Qapımız onlara açıqdır və “HeidelbergCement” rəhbərliyini dialoqa dəvət edirik”.