Digər sektorlara aid şirkətlər də layihəyə cəlb olunmalıdır


Baxıldı : 40

Tarix : 2018-10-06 04:53:32


İndustriALL Qlobal İttifaqı Avropa Komissiyası ilə birgə “2018-2019-cu illərdə Cənub-Şərqi  Avropa ölkələrində geyim və ayaqqabı sektoru üzrə həmkarlar ittifaqı təşkilatlarının gücünün artırılması, işçilərin əmək şəraitinin yaxşılaşdırılması” adlı 2 illik layihə  başladıb. Layihə çərçivəsində  “Inditex”, “H & M” və “ASOS” kimi  beynəlxalq geyim və ayaqqabı şirkətlərinin  Albaniya, Bolqarıstan, Xorvatiya, Makedoniya,  Rumıniya, Serbiya və Çernoqoriyada fəaliyyət göstərən filiallarının rəhbərləri İstanbulda bir araya gəliblər. Layihənin məqsədi sektorlar üzrə üzvlərin sayının artırılması, əmək fəaliyyəti ilə bağlı qarşıya çıxan problemlərin həlli, maarifləndirmə və bəzi bölgələrdə maaş artımına nail olmaqdır. Bu ilin əvvəlində layihənin 600 min işçinin fəaliyyətini əhatə edəcəyi təsdiqlənib. İndustriAll Qlobal İttifaqı və İndustriALL  Avropa qarşıya çıxan problemin həlli üçün birgə fəaliyyətə başlayıb.  Burada əsasən aşağıdakı məsələlər gündəmə gətirilir:

- strateji təşkilatçılıq, üzvlərin sayının artırılması üçün potensialın yaradılması;

- şirkət səviyyəsində kollektiv müqavilələrin sayının artırılması;

-  kollektiv müzakirələrin bərpasına nail olunması;

- minimum əməkhaqqının artırılması və çalışanların həyat şəraitini yaxşılaşdırmaq üçün addımlar atılması.

Layihənin əsas hədəflərinə çatmaq üçün İndustriALL-la Qlobal Çərçivə sazişi imzalayan “Inditex”, “H & M” və “ASOS” şirkətləri həmkarlar ittifaqı təşkilatları ilə strateji müttəfiq kimi müzakirələr və birgə qərarlar alacaqlarını təsdiqləyiblər. İtaliya, Almaniya və digər ölkələrin də layihə çərçivəsində əməkdaşlığa müsbət yanaşacağı ümid edilir.

İndustriALL-ın Baş katibinin köməkçisi Kamal Özkan layihə ilə bağlı bildirib ki, bu, qlobal marka strategiyamızın bir parçasıdır. Hazırda, sadəcə, geyim və ayaqqabı sektoru üçün nəzərdə tutulsa da, gələcəkdə bizimlə Qlobal Çərçivə Sazişi imzalayan digər sektorlara aid şirkətlərin də bu layihəyə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, İndustriALL istehsal sektorunda milyonlarla işçini əhatə edən altı geyim və ayaqqabı markası ilə Qlobal Çərçivə Sazişi imzalayıb. Bunlar “İnditex”, “H & M”, “ASOS”, “Tchibo”, Esprit” ve “Mizuno”dur.

Layihə çərçivəsində  daha 6 seminar keçirilməsi nəzərdə tutulur.