Diqqət yenə də Azərbaycanadır


Baxıldı : 90

Tarix : 2018-09-29 02:49:34


Azərbaycanın “Azerspace-2” peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib.

***

Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi sentyabrın 27-də başa çatıb.

Üç gün davam edən sərgidə, Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla, dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edib. İştirak edən dövlətlərdən 11 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunublar.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubu ünvanlaması və sərgidə şəxsən iştirak etməsi “ADEX-2018”in əhəmiyyətini daha da artırdı. Dövlətimizin başçısı bildirdi ki, “ADEX” sərgisi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilib.

Dövlət başçısı ziyarət zamanı Müdafiə Sənayesi Nazirliyinin stendində oldu və nümayiş etdirilən məmulatlarla yaxından tanış oldu.

Sərgini Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov, müdafiə naziri Zakir Həsənov və digər qurumların rəhbərləri də ziyarət ediblər. Dövlət rəsmiləri nümayiş etdirilən yerli məmulatları böyük maraqla izləyiblər.

Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX-2018” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.

***

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər. Hər iki ölkənin prezidentləri çıxış edərək birgə layihələrin son illər sürətlə həyata keçirilməsi, neft hasilatı və nəqli, avtomobil istehsalı, əczaçılıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan söhbət açıblar. Ümumiyyətlə, Prezident V.Putinin Bakıya səfəri qısa olsa da, mühüm məsələlərin müzakirəsi ilə yadda qalıb.

“Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi hər iki ölkənin marağındadır”.

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşləri son vaxtlar intensiv xarakter alıb. Bu da başadüşüləndir. Çünki Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və ölkələrimiz arasında müxtəlif sahələrdə sıx əlaqələr mövcuddur. Rusiya bizim üçün yaxın dost, qonşu dövlətdir. Rusiyanın regionları ilə də Azərbaycan arasında sıx əlaqələr var.

“İqtisadi münasibətimiz yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə görüşü, Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi, doğrudan, da çox əlamətdar bir haldır. Əminəm ki, bundan sonra da Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etdiriləcək”, - deyə Milli Məclis sədrinin birinci müavini vurğulayıb.

***

Sentyabrın 27-də cüdo üzrə dünya çempionatı çərçivəsində qarışıq komanda yarışları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer yarışlara baxıblar (AZƏRTAC).