Diqqətdən kənarda qalan olmur


Baxıldı : 58

Tarix : 2017-09-29 23:51:19


Bir neçə gündən sonra ölkəmizin təhsil ictimaiyyəti peşə bayramlarını qeyd edəcək. Mən bu münasibətlə respublikamızın, eləcə də doğma Salyanımızın müqəddəs peşə sahibləri kimi tanınan, sevilən müəllimlərini təbrik edirəm, onlara gələcəyimiz naminə fəaliyyətlərində, şəxsi həyatlarında yeni-yeni uğurlar arzulayıram. Uğurlar qazanmaq üçün bu gün, mən deyərdim ki, böyük imkanlar var.

Bu imkanların əsasında dövlət siyasəti durur. Müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin təhsilin gələcəyinə hesablanmış siyasəti Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilir. Təhsilimizin möhkəm maddi bazası yaradılıb. O, ildən-ilə daha da təkmilləşdirilməkdədir. Aparılan islahatlar təhsilimizin müasir standartlar səviyyəsinə yüksəlmə prosesini sürətləndirir. Öz rayonumuzun timsalında da biz bu inkişafın şahidi, daha dəqiq desək, iştirakçılarıyıq. Son illərdə Salyanda 13 məktəb binası tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Fondu, Təhsil Nazirliyi tərəfindən çox sayda məktəbimiz əsaslı təmir olunmuşdur. Məktəblərdə qazanxanalar quraşdırılmış, elektrik xətləri yenilənmişdir. Əksər təhsil ocağında dərslər birnövbəlidir.

Bu yaxınlarda cənab Prezident İham Əliyev rayonumuzda olarkən 1200 yerlik məktəb binasının açılışında şəxsən iştirak etdi.

Rayonumuzda yüksək peşəkar nümunəsi sayıla biləcək müəllimlər çalışır. Təsadüfi deyil ki, təkcə ötən bir neçə ildə 6 müəllim "Əməkdar müəllim" adına layiq görülüb. 8 nəfəri isə "Tərəqqi" medalı ilə təltif edilib. Xeyli sayda müəllim isə "Qabaqcıl təhsil işçisi" adını alıb. Belə peşəkar müəllimlərin xidmətidir ki, bu il Salyanda 346 məzun universitetlərə, kolleclərə qəbul edilib. Onların 18 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb. 90 nəfərə qədər gənc müəllim imtahan verərək təyinatla kənd məktəblərində işləməyə gedib.

Biz, həmkarlar ittifaqı olaraq, təhsil işçilərinin çətin, lakin şərəfli işlərində onlara dəstək olmağa, əmək, sosial hüquqlarını layiqincə qorumağa çalışırıq. İstirahətlərini təşkil edirik. Biz təqaüdə çıxan müəllimlərimizi də diqqətdən kənarda qoymuruq. Doğum günlərində, peşə bayramında ziyarətinə gedir, hal-əhval tutur, ehtiyacları ilə maraqlanır, sovqatlarla onları sevindiririk. Qabaqcıl və ya rayonumuzun adına respublika, beynəlxalq miqyaslı müsabiqələrdə, yarışlarda ucalıq gətirən müəllimlərimizi mükafatlandırırıq.

Biz müqəddəs peşə sahibi olan müəllimlərimizin keşiyində durmağı özümüzə şərəf sayırıq.

 

Yaqut ƏLƏSGƏROVA,

Təhsil İşçiləri Azad

Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin sədri