Diqqətsizlik gələcəyimizə kölgə sala bilər


Baxıldı : 126

Tarix : 2017-07-28 20:31:49


Son dövrlər, demək olar ki, uşaqların hündürmərtəbəli binalardan yıxılma hallarına, həmçinin “1 yaşlı uşağın üzərinə samovar suyu töküldü",  “3 yaşlı uşaq hovuzda boğuldu", “5 yaşlı uşağı maşın vurdu" kimi xəbərlərə tez-tez rast gəlirik. Əlbəttə, bu cür hadisələrin baş verməsinin əsas səbəblərindən biri valideynlərin diqqətsizliyi və səhlənkarlığıdır. Hüquqşünaslar ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün, qanunvericiliyə əsasən, hətta günahkarlara həbs qərarı verilə biləcəyini də deyir. Belə ki, ehtiyatsızlıqdan adam öldürmə faktı aşkarlanarsa, Cinayət Məcəlləsinin 124-cü maddəsinin 1 bəndinə əsasən,  həmin valideynlər üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qeyd edim ki, yaxın günlərdə belə bir hadisə ilə özüm də rastlaşdım. Şəhərin mərkəzi küçələrindən keçərkən, kiçikyaşlı bir qızın dayanacağa yaxınlaşmaqda olan avtobusun qabağına qaçdığını gördüm. Mən və dayanacaqda duran yaşlı kişi cəld tərpənib uşağı tuta bildik. Dərhal uşağın valideynini axtardı gözüm. Gənc ana dayanacaqdan kənarda qəzəbli şəkildə kimləsə telefonla danışırdı. Mən təmkinli davransam da, yaşlı adam ananı xeyli danladı.

Məsuliyyətsiz davranan valideynlərlə hansı iş aparılmalıdır? Onlara necə kömək etmək olar?

Mövzu ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə dedi ki, valideynin məsuliyyəti yoxdursa,  onu nə qədər maarifləndirsək də, xeyri olmayacaq. Belə valideynlərə uşaqlarını təhlükələrdən qorumaq üçün ailə üzvlərinin, nənə, babaların da  nəzarəti olmalıdır. Bəzi Avropa ölkələrinin təcrübəsinə görə, uşaq nəzarətsiz qaldıqda, o, valideyndən alınır və sosial xidmət müəssisəsinə verilir. Həmin müəssisədə uşağın tərbiyəsi üçün nümayəndə təyin olunur. Eyni zamanda valideynin öz məsuliyyətini dərk etməsi üçün psixoloq və digər mütəxəssislər onunla iş aparır. Vəziyyət müsbətə doğru dəyişdikdən sonra isə uşaq valideyninə qaytarılır.

Unutmaq lazım deyil ki, uşaqlar bizim gələcəyimizdir. Onlara nəzarət zamanı edilən kiçik bir diqqətsizlik böyük ailə faciələrinə səbəb ola bilər.  Onları qorumaq məsuliyyəti isə birinci növbədə valideynlərinin, daha sonra isə aidiyyəti qurumların üzərinə düşür.

Ümumiyyətlə, maarifləndirmə məqsədilə videoçarxlar hazırlanırmı?

Müsahibim bildirdi ki, kütləvi informasiya vasitələri ilə maarifləndirilməyə çox yer verilməlidir. K.Ağazadənin fikrincə, valideynlərin internetə, xüsusilə də sosial şəbəkələrə aludə olması çox hallarda uşaqların nəzarətsiz qalması ilə nəticələnir: "Bizim təşkilatın sığınacağına gətirilən uşaqların əksəriyyəti də valideyn məsuliyyətsizliyindən küçələrə düşüb. Valideynlər əksər halda sosial problemləri qabartmaqla məsuliyyətsizliyi pərdələməyə çalışırlar. Amma uşaqların nəzarətsiz qalmasına haqq qazandırmaq olmaz".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri Şöbəsinin müdiri Cəmilə Bağırova hesab edir ki, uşaqların başına gələn bədbəxt hadisələrin bir çoxunda valideynlər günahkardır.  Ona görə də onların maarifləndirilməsi ilə bərabər, səhlənkar davrandıqları zaman cəzalandırılmasına ehtiyac var. Xüsusən də uşağı evdə tək, bağlı qapı arxasında qoymaq ən dəhşətli problemdir.

Əsli ƏHMƏDOVA