Direktorlar Şurası üçün yeni kvota - ən azı 40 faizi qadın olmalıdır


Baxıldı : 77

Tarix : 2020-03-14 17:29:31


Brüssel Avropada fəaliyyət göstərən şirkətlərin direktorlar şurasında qadınlar üçün məcburi kvota planlarının müzakirəsini yenidən canlandırmaq qərarına gəlib. Bütün bunlar rəhbər vəzifələrdə gender bərabərliyinin təmin edilməsi prosesinin yavaşlaması fonunda baş verib. Bu barədə İngiltərənin “The Guardian” qəzetinin müxbiri Cennifer Rankin yazıb.

Gender bərabərliyi məsələləri üzrə komissar Elena Dalli kvotaların “çox çirkin bir söz kimi görünə biləcəyini” söylədi. Onun fikrincə, bunlar “zəruri pislik” kimi görünə bilər, çünki əks halda bu məsələdə dəyişiklikləri daha 100 il gözləmək lazım gələcək.  2012-ci ildə müzakirəyə çıxarılan direktivin layihəsində əks olunub ki, Avropa şirkətləri, əgər onların idarə heyətində təmsil olunan qadınlar yerlərin 40 faizini tutmasa, cərimə ilə üzləşəcək.

Qəzetdə qeyd edilir ki, təklif Avropa İttifaqının (Aİ) üzv dövlətləri, o cümlədən Böyük Britaniya tərəfindən hiddətlə qarşılanıb. Buna baxmayaraq, Avropa Komissiyası gender bərabərliyi üçün yeni beşillik strategiyanın başlaması ilə əlaqədar 2012-ci il qanun layihəsini dirçəldəcəyini açıqladı.

Genişmiqyaslı bir plan, təşkilata üzv ölkələrin qanunvericiliyində, qadınlara qarşı zorakılıq kimi məsələlərdə birliyin təmin olunmasını təklif edir. Komissiyanın fikrincə, hakimiyyət dairələrində cinslərin bərabər nisbəti məsələsi daha çox narahatlıq doğurur, çünki qadınlar siyasətdə və biznesdə kifayət qədər təmsil olunmurlar.

Baxmayaraq ki, Avropa Parlamentində rekord sayda qadın təmsil olunur, ancaq hələ də yerlərin 61 faizi kişilərə məxsusdur. Aİ-də qadınlar Direktorlar Şurasının müşahidə üzvlərinin dörddə birini (26,4%) təşkil edir. Lakin Komissiyanın araşdırmasına görə, 2015-ci ildən bu tendensiya yavaşlayıb. Bundan başqa, əsas vəzifələrdə qadınların payı 8 faizdən çox deyil.

Avropa rəsmiləri, Fransa, Almaniya, İtaliya və Belçika da daxil olmaqla, digər ölkələri nümunə göstərirlər. Bu ölkələr sərbəst şəkildə kvotaları tətbiq etdilər ki, bu da şirkətlərin rəhbər heyətində qadınların sayının sürətlə artmasına səbəb oldu. Komissiya şirkətdə qadınlar üçün ümumavropa kvotalarının yaradılmasına cəhd etdiyi zaman İngiltərə koalisiya hökuməti bu planlara qarşı çıxdı. Lakin hətta Böyük Britaniyanın AB-dən çıxması da qanunun qəbul olunmasına zəmanət vermir. Avropa Komissiyasının sədr müavini Vera Jurova bildirib ki, AB ilk dəfə qanun qəbul etməyə çalışandan bəri blokun digər üzvlərinin fikirlərində heç nə dəyişməyib. Lakin onu da əlavə edib ki, onları razı salmaq cəhdlərindən əl çəkməmək lazımdır.

İlin sonunda Brüssel maaşların şəffaflığı ilə bağlı qanun layihəsini də müzakirəyə çıxarmağa hazırlaşır. Bu, kişilər ilə qadınlar arasındakı gəlirlərdə fərqi azaltmaq üçün ilk addım olacaq. Ümumiyyətlə, AB-də qadınlar kişilərdən 16 faiz az maaş alırlar. Ən böyük fərq Çexiya, Estoniya, Almaniya və Böyük Britaniya kimi ölkələrdədir.