“Dizel ilə işləyən avtomobillər ətraf mühitə daha çox ziyan vurur"


Baxıldı : 103

Tarix : 2017-02-25 00:25:06


Bildiyimiz kimi, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri hər gün atmosferə külli miqdarda zəhərli qaz buraxır. Bu da insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.

Artıq  bir çox inkişaf etmiş ölkələrdə dizel ilə işləyən avtomobillərin sayı məhdudlaşdırılır. Bəs bizdə bu sahədə vəziyyət necədir?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki,  müəyyən sayda yük maşını, avtobus, müxtəlif təyinatlı iriqabaritli nəqliyyat vasitələri və avtomobillər dizel yanacağı ilə işləyir. Bu isə bütün nəqliyyat vasitələrinin təxminən 25-30 faizini təşkil edir. Digər səbəb, həm dizel yanacağının, həm də dizel ilə işləyən avtomobillərin ucuz olmasıdır. Lakin bu yanacaq növünü işlədən avtomobillər digərlərinə nisbətən ətraf mühitə daha çox ziyan vurur. Yerli dizel yanacağı ilə işləyən maşınlar mütəmadi yoxlanılmayanda, səsi və tüstüsü artır.

Azərbaycanda yalnız "Avro-3" standartına uyğun dizel satılır ki, bu da 2000-ci ildən əvvəl istehsal edilən avtomobillər üçündür.

Ekspert təəssüflə qeyd etdi ki, ölkəmiz bu sahədə monitorinq, araşdırma, beynəlxalq ekoloji  standartlara riayət olunması baxımından çox geri qalıb. Avropanın bir çox ölkələrində 2025-ci ildə nəinki dizel, hətta daxiliyanma mühərrikli ilə işləyən avtomobillər məhdudlaşdırılacaq, bizdə isə o barədə heç düşünülmür. Yaxın 40 ildə qitədə bütövlükdə ancaq elektromobillərdən istifadə olunacağı gözlənilir. Bu addım həm də Avropanın enerji asılılığını azaltmağa kömək edəcək. 2030-cu ildən etibarən Almaniyada, sadəcə, elektromobillər satılacaq.

Ekoloq İslam Mustafayev isə dedi ki, gecyanma xüsusiyyəti olan dizel yanacağı daha çox tullantı yaradır. Küçələrdə artan avtomobillər həm də mövcud ekoloji durumu ağırlaşdırır. Maşınlardan atmosferə xaric olan tullantılar birbaşa tənəffüsü çətinləşdirir və ümumi tullantıların 75 faizə qədərini təşkil edir. Amma bunun zərərini minimuma endirmək mümkündür. Öncə avtomobilin texniki vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi lazımdır. Bu da "Avro-5" standartının tələblərindən biridir. İkincisi, yanacağın keyfiyyətinin yaxşılaşdırılması vacibdir. Hazırda bu istiqamətdə də lazımi tədbirlər görülür.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov həmkarının sözlərini təsdiqləyərək bildirdi ki,  ölkədə bu istiqamətdə məsul olan qurumlar mütləq ciddi araşdırmalara cəlb edilməlidir. Nəzərə almaq lazımdır ki, paytaxt Bakı nisbətən çökəklikdə yerləşir. Bu səbəbdən də burada çirkli hava digər yerlərə yayıla bilmir. Bu hava ilə nəfəs almaq da insan sağlamlığına çox mənfi təsir göstərir. Eyni zamanda paytaxt ərazisində yaşıllıqların miqdarı artırılmalıdır.

Qeyd edək ki, Norveçin paytaxtı Oslo şəhərində havanın çirklənməsinin artması nəticəsində dizel yanacağı ilə işləyən avtomobillərin sürücülərinə nəqliyyatın hərəkətinin sıx olduğu yollara girmək qadağan edilib. Qadağanın qüvvəyə minməsindən sonra yola çıxan dizel yanacaqlı avtomobil sürücüləri 1500 Norveç kronu (179 dollar) cərimə ödəyəcək. Norveç Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, havanın çirklənməsi Osloda hər il 185 körpənin doğuşdan əvvəl ölümünə səbəb olur.

Günel QULİYEVA