Dövlət başçımız jurnalistlərə inanır


Baxıldı : 86

Tarix : 2017-07-28 20:41:58


Demək olar ki, bütün mətbu orqanlarında, özü də hər sayında dəyişməyən bir mövzu var ki, o da jurnalistlərin mənzillə təmin edilməsidir. 255 nəfər jurnalist və onların mənzil imkanlarına bələd olan yaxınları oxucularla sevinclərini bölməkdən nəinki yorulmur, hətta həzz alırlar. Görünür bu da onunla bağlıdır ki, kədər bölünəndə azalır, sevinc ilə paylaşanda daha da çoxalır. Sevincinə şərik axtaranlardan biri də mənəm.

Milli Mətbuat Günü ərəfəsində belə bir qiymətli hədiyyə aldığım, doğmalarımı sevindirdiyim üçün çox xoşbəxtəm. Buna görə də Respublika Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm.

Qeyd edim ki, ailəmin mənzilə həqiqətən ehtiyacı vardı. Mən 40 ilə yaxındır ki, jurnalistikada, necə deyərlər, "külüng çalıram". Uzun illlər "Azərbaycan gəncləri" qəzetində çalışmışam. Son 25 ildə isə peşə  taleyimi "Ülfət" qəzeti ilə bağlamışam. Bir daha qeyd edirəm. Jurnalist peşəsinə qəlbən bağlıyam. Ömrümdə heç vaxt, bir an belə olsun, qəzetçilikdən usanmamışam. Amma hər zaman mətbu sözün dəyərini və qədrini bilmişəm. Biliyimi, təcrübəmi gənc həmkarlarımla daim bölüşməyə çalışmışam. Bəli, mənim nəzərimdə, qəzetçilik çox məsuliyyətli və şərəfli bir peşədir.

Bu il iyulun 20-də jurnalistlərə yeni mənzillərin verilməsinə həsr olunan mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin parlaq nitqini dərin maraqla izlədim. Dövlətimizin başçısı müasir Azərbaycan mediasının qarşısında duran mühüm vəzifələr barədə faktiki olaraq proqram xarakterli çıxış etdi.

Azərbaycan Prezidenti jurnalistləri özünün ən yaxşı köməkçiləri adlandırdı. Bu sözləri eşidəndə bir daha qəlbim fərəh hissi ilə doldu. Deməli, dövlət başçımız biz jurnalistlərə inanır və obyektivliyimizə güvənir. Bu, böyük etimaddır və bunu əməli işlərlə sübut etmək lazımdır.

İnanıram ki, jurnalistlərimiz bundan sonra da Azərbaycan dövlətinin, möhtərəm Prezidentin etimadını doğrultmağa çalışacaqlar. Şəxsən mən həyatımın sonuna qədər qələmimi xalqımın, millətimin intibahına həsr edəcəyəm.

Bəyalı RZAYEV,

“Ülfət” qəzeti baş

redaktorunun müavini