Dövlət məşğulluq xidmətinin potensialının artırılması yolları araşdırıldı


Baxıldı : 49

Tarix : 2017-12-01 22:21:26


Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün "Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi" mövzusunda növbəti təlim kursu keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli giriş sözü söyləyib. O, Azərbaycan Hökuməti ilə BƏT arasında məşğulluq orqanlarının potensialının gücləndirilməsi istiqamətində mövcud əməkdaşlıqdan danışdı. Həmçinin əhalinin işlə təmin edilməsi sahəsində görülən işlərin statistikasını açıqladı. Onu da dedi ki, 2018-ci il yanvarın 1-dən "İşsizlikdən sığorta haqqında" qanun qüvvəyə minəcək və gələn il İşsizlikdən Sığorta Fonduna toplanacaq vəsaitin mühüm bir hissəsinin də aktiv məşğulluq tədbirlərinin təşkilinə, xüsusən özünüməşğulluq proqramının genişləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. Aktiv məşğulluq tədbirlərinin miqyasının xeyli genişlənməsi məşğulluq orqanları əməkdaşlarının da məsuliyyət və səylərinin artmasını, onların öz iş sahələrinə, tapşırılan vəzifələrin icrasına daha işgüzar və peşəkarlıqla yanaşmalarını tələb edir. Bu tələbi reallaşdırmaqdan ötrü bir sıra beynəlxalq qurumlarla, o cümlədən BƏT-lə sıx əməkdaşlıq həyata keçirilir. Azərbaycan Hökuməti ilə BƏT arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində təşkil olunan hazırkı təlim kursu da bu məqsədə yönəlib. Kursun əsas mövzularından biri də məşğulluq orqanları ilə sosial tərəfdaşlar arasında əməkdaşlıqla bağlıdır və bu çərçivədə beynəlxalq ekspertlərin iştirakı ilə sosial tərəfdaşlarla birgə müzakirələr də aparılacaqdır.

Tədbirdə AHİK sədrinin müavini Aqil Dadaşov çıxış edərək məşğulluq problemlərinin həllində həmkarlar ittifaqının oynadığı rolu iştirakçıların diqqətinə çatdırdı. Dedi ki, təşkilatımız əmək, sosial, iqtisadi məsələlər üzrə normativ-hüquqi aktların hazırlanmasında fəal iştirak edir.

Həmkarlar ittifaqının məşğulluqla bağlı mövqeyi Baş Kollektiv Sazişdə konkret öhdəliklərlə öz əksini tapır.

O sonra dedi, yaxşı haldır ki, xüsusilə son illərdə respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir. Məhz bu istiqamətdə son on ildə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasət və aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunmuş, işsizlik səviyyəsi 48 %-dən 5 %-ə enmişdir.

Respublikamızda məşğul əhalinin iqtisadiyyatın müxtəlif bölmələri üzrə bölgüsündə mühüm dəyişikliklər baş vermişdir. Belə ki, 2010-2015-ci illərdə ölkə iqtisadiyyatında məşğul olanların sayı 342,5 min nəfər artdığı halda, dövlət sektorunda işləyənlərin sayı, demək olar ki, dəyişməz qalıb. Qeyri-dövlət sektorunda artım 300,0 min nəfərdən çox olub.

Bütün bunlara baxmayaraq, etiraf edilməlidir ki, məşğulluq sahəsində narahatlıq doğuran problemlər mövcuddur. Bunlar əsasən əmək bazarında təklif və tələb arasındakı uyğunsuzluq, işçilərin sahələr üzrə bölüşdürülməsində qeyri-mütənasiblik, gənclər arasında işsizliyin səviyyəsinin və qeyri-formal əmək münasibətlərində olanların çoxalmasıdır. Əminəm ki, seminarın gedişində iştirakçılar bu məsələləri ətraflı təhlil edəcək, dəyərli təkliflər verəcəklər.

Aqil müəllim AHİK-in gündəlikdə duran məsələ ilə bağlı təkliflərini də səsləndirdi. Dedi ki, dövlət məşğulluq xidmətləri ilk növbədə peşəkar kadr bazasına malik olmalıdır. Ümumrespublika vakansiyalar portalı yaradılmalı və onun işində fəal iştirak edən işəgötürənlərə müəyyən güzəştlər şamil edilməlidir.

Əhalinin daha çox məskunlaşdığı ərazilərdə dövlət məşğulluq xidmətləri əməkdaşlarının görüşlərini təşkil etmək və işsiz əhalini müvafiq iş yerləri ilə məlumatlandırmaq işsizlik problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərə bilər.

AHİK sədrinin müavini çıxışının sonunda dedi, məşğulluq problemlərinin həllində sosial tərəfdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Əldə olunmuş məlumata əsasən, "Məşğulluq haqqında" qanuna uyğun olaraq ölkənin bütün regionlarında, həmkarlar ittifaqlarının nümayəndələri də daxil olmaqla, məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri yaradılmışdır. İnanıram ki, sosial tərəfdaşlarımızın birgə səyi ilə respublika səviyyəsində də əlaqələndirmə komitəsinin yaradılmasına nail olunacaqdır.

Tədbirdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasettinin də çıxışları dinlənildi.

Dörd gün davam edən təlim kursunda BƏT-in baş mütəxəssisi Mixail Mvasikakata "Beynəlxalq Tənzimləmə Çərçivəsi üzrə Dövlət Məşğulluq Xidmətinin rolu: ümumi baxış", BƏT-in ekspertləri Byorn Halvorseni və Yuriy Qertsiyin "Məşğulluq xidməti orqanları və sosial tərəfdaşlıq", "Məşğulluq xidməti orqanları və sosial tərəfdaşlıq sahəsində müsbət təcrübələr: Norveç təcrübəsi", "Məşğulluq xidməti orqanları və işəgötürənlər arasında əməkdaşlıq üzrə modalluq", "Aktiv əmək bazarı proqramları və işəgötürənlərin bu proqramlara cəlb olunması" və sair mövzularda təqdimatlar etdilər.

Bəyalı RZAYEV