Dövlət nəzarətinin vacibliyi vurğulanıb


Baxıldı : 58

Tarix : 2017-10-14 03:57:25


Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının (TİBHİ) üzvləri Mərkəzi Asiyada təhsil sistemində olan ciddi problemləri müzakirə edib. Oktyabrın 10-12-də Nepalda keçirilən Asiya Beynəlxalq Təhsil Konfransının əsas mövzusu “Ölkədə təhsil işçilərinin qarşılaşdıqları problemlər və həlli yolları” olub. Burada həmçinin 2030-cu ilə qədər hər kəs üçün keyfiyyətli təhsil, müəllimlərin bilik və bacarıqlarının yüksəldilməsi, maliyyə məsələlərinin həlli, həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra qərar qəbul edilib.

Konfransda çıxış edən ittifaqın baş katibi Fred van Leeuven deyib ki, son illərdə bölgədə yaşanan təbii fəlakətlər çətinlik yaratsa da, təhsil sistemində birliklərin fəaliyyətində irəliləyişlər əldə olunub: "Bu gün dünyanın hər yerində iş sistemi yeni-yeni problemlərlə üzləşir. Təhsil işçiləri qloballaşma, demokratik və mülki hüquqların rədd edilməsi, milli sülhü təhdid edən geosiyası ssenarilər kimi çətinliklərlə üz-üzə qalıb. Həmkarlar ittifaqı təşkilatlarına əlavə gərginlik yaradan bu problemlər demokratiya, insan hüquqları, bərabərlik və keyfiyyətli təhsil prinsipləri rəhbər tutularaq ələ alınmalıdır.

Təhsil sistemində özəlləşmənin genişləndirilməsinə də toxunan baş katib özəl təhsil ocaqlarının fəaliyyətinin insanların və həmkarlar ittifaqı təşkilatlarının hüquqlarına zidd olduğunu, bu sektorda dövlətin nəzarətinin vacibliyini vurğulayıb.

 Cavid SƏFƏROV