Dövlət qayğısı istənilən nəticə deməkdir


Baxıldı : 159

Tarix : 2017-02-25 00:29:46


Dünyanın inkişaf etmiş ölkələrində kənd təsərrüfatı məhsullarının, demək olar ki, əksər hissəsini ailə kəndli təsərrüfatı istehsal edir. Artıq Azərbaycanda da ailə kəndli təsərrüfatının inkişafına diqqət artırılmışdır. Ötən ilin noyabr ayında Milli Məclisin Aqrar Siyasət Komitəsində "Ailə kəndli təsərrüfatı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi də bu sahəyə dövlət səviyyəsində diqqətin nümunəsidir.

Mütəxəssislərin dediyinə görə, ailə kəndli təsərrüfatı bir çox üstünlüklərə malikdir. Əvvəla, torpaq, tikililər, mal-qara, texnika və sair kəndlinin şəxsi əmlakı olduğuna və əldə edilən gəlirin onun yaşayış səviyyəsinə birbaşa təsir göstərdiyinə görə məsuliyyət hissi qat-qat yüksəlir. İkincisi, hansı növ məhsul əkməkdə sərbəst olur, özü qərar verir.

Ölkəmizdə ailə kəndli təsərrüfatının müsbət nəticələrini göstərən nümunələr var. Məsələn, Beyləqan rayonunda kənd təsərrüfatı məhsullarının istehsalında ailə fermer təsərrüfatlarının payı xüsusilə nəzərəçarpandır. "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri Fazil Bayramov deyir ki, aqrar islahatlar aparılarkən rayonumuzda 40.0 min ha. torpaq sahəsi özəlləşdirilmiş və pay torpağı kimi kəndlilərə verilmişdir.

Kənd təsərrüfatı əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıq üzrə inkişaf etsə də, son illərdə digər məhsulların əkilməsinə də maraq artmışdır. Belə ki, yuxarıda adları çəkilən məhsullarla yanaşı, artıq kəndlilər günəbaxan, soya, şəkər çuğunduru, qarğıdalı, soğan, kartof, bostan-tərəvəz, üzüm və meyvə istehsalı sahəsinə də diqqət yetirirlər. İstehsal edilmiş məhsulların satışı zamanı yaranan çətinliklər, az da olsa, artıq aradan qaldırılmışdır.

Heyvandarlıq məhsullarının istehsalında da irəliləyişlər müşahidə olunmaqdadır. 57232 ton taxıl, 7910 ton ət, 39520 ton süd, 586 ton yun, 7810 ton pambıq, 3710 ton şəkər çuğunduru, 6871 ton qarğıdalı, 1134 ton soya, 4519 ton bostan məhsulları, 961 ton üzüm istehsalında artımlar əsasən ailə kəndli təsərrüfatlarının hesabına olmuşdur. Bəzi sahələrdə faiz dərəcəsi 80-90-na bərabərdir.

Bu təsərrüfatlara yanacaq, mühərri

k yağı, gübrə, texnika təminatında və cins mal-qara gətirəndə güzəşt edilir.  F.Bayramov, yeri gəlmişkən, bu təsərrüfatların üzləşdiyi problemlərə də toxundu. Dedi ki, ailə kəndli təsərrüfatına istehsal etdiyi məhsulları şəhər və rayon mərkəzlərində maneəsiz satmaq üçün ödənişsiz əsasda daimi satış yerlərinin ayrılması, həftəlik və mövsümi sərgi-yarmarkaların təşkil edilməsi çox vacibdir. Dövlət də artıq məhsulları almalıdır ki, bu təsərrüfatlar daha yaxşı işləsinlər, müflis olmasınlar.

Digər yaxşı nümunə kimi Qaxın Zərnə kəndində Nurməmmədovlar ailəsini göstərmək olar. Ailə böyük təsərrüfata malikdir. 100-ə yaxın arı təhnəsi, 4 hektar fındıq bağı, mal-qara və torpaq sahəsi var. Bunların hamısına ailənin başçısı Musa kişi iki oğlu ilə birlikdə qulluq edir. Ötən il onlar 30 ha. sahədə qarğıdalı əkib, yaxşı məhsul götürüblər. Artıq özlərinə traktor da alıblar. Musa  kişi deyir ki, dövlət qayğısı istənilən səviyyədə olsa ailə kəndli təsərrüfatları ölkəmizi 100 faiz ərzaqla təmin edə bilər.

Əhəd İBADOV