Dövlət tərəfindən subsidiyaların tətbiqinə ehtiyac var


Baxıldı : 140

Tarix : 2017-08-04 20:36:23


Son günlər paytaxt və regionlarda qiymətlərin artması müşahidə olunur. Belə ki, Bakıda mal ətinin bir kiloqramı 11-12 manat, quzu əti isə 12-13 manat arasında, bəzi yerlərdə isə hətta 14-15 manata qədər artıb. Satıcılar bunun səbəbini bölgələrdən gətirilən mal və quzu ətlərinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirib. Tədarükçülər isə deyir ki, heyvanlar üçün nəzərdə tutulan yemlərin, saman, yonca, quru ot bağlamalarının qıtlığı bahalaşmaya gətirib çıxarır. Fermerlər söyləyir ki, bir ay əvvəl 2 - 2,50 manata satılan ot bağlamasının qiyməti hazırda 4 manat 50 qəpikdir.

Hazırda bazarda vəziyyət necədir? Qiymət artımının səbəbi nədir? Ət və ət məhsullarında bahalaşmanın qarşısını almaq üçün dövlət hansı addımları atmalıdır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, ət gündəlik tələbat malı olduğundan bahalaşmaya məruz qalan qida məhsullarındandır: "Bu gün qiymətlər əsasən daha çox kənd təsərrüfatı istehsalı və emal sənayesi məhsulları, yəni süd və süd məhsulları, meyvə-tərəvəz, ət məhsulları arasında bahalaşır. Buna görə də dövlət effektli kənd təsərrüfatı və effektli istehlakçı siyasəti təmin etməli, rəqabətli bazar sistemi yaratmalıdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tam işləməsinə, hər bir istehlakçının mallarına və xidmətlərə əlçatanlığının təmin olunması siyasəti həyata keçirilməlidir".

E.Hüseynov bahalaşmanı sürətləndirən amil kimi benzinin qiymətinin artmasının da təsirli olduğunu dedi: "Əlbəttə, burda birmənalı şəkildə benzinin qiymətinin qalxması amili də var. Ət satışı ilə məşğul olanlar bölgələrdən Bakıya iri və xırdabuynuzlu heyvan gətirəndə benzin bahalaşandan sonra onların daşınma xərcini də ətin üzərinə gəldilər. Çünki benzin bahalaşdığı üçün sərf edilən yanacaq xərci də çoxaldı. Təbii ki, burda benzinin qalxmasının ətin qiymətinə təsir etməyini absurd hesab edənlər səhv fikirdədirlər. Bir şeyi qeyd edim ki, ümumiyyətlə, bazarda bütün mallar bir-biri ilə üzvi əlaqədədir".

İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, ölkədə ətin qiymətinin artmasının əsas səbəbi topdansatış yerlərindəki bahalaşma ilə bağlıdır: "Bütün bunların isə səbəbi odur ki, yerli ət istehsalı azalıb. Azaldığı üçün də artıq tələbi tam şəkildə ödəmək mümkün deyil. Xaricdən gətirilən ət məhsullarının da qiymətində artımlar var. Çünki gömrük dərəcələri yüksəkdir və bu faktor da pərakəndə ət satışı yerlərində qiymətlərə təsir göstərən amildir".

İqtisadçı-ekspert sonda ətin qiymət artımının qarşısının alınması üçün dövlət tərəfindən subsidiyaların tətbiq edilməsinə ehtiyac olduğunu bildirdi: “Fermerlərə subsidiyalar verilməlidir ki, onlar bundan istifadə etməklə daha aşağı qiymətə xammal, o cümlədən yem, ot məhsulları ala bilsinlər. Belə olarsa, onlar xərci optimallaşdırarlar. Nəticədə isə bazara çıxarılan məhsulun qiyməti azalar".

Aliyə SƏMƏDOVA