Dövlətçiliyimizin möhkəmlənməsinə, xalqımızın daha yaxşı yaşamasına  xidmət edən siyasət


Baxıldı : 20

Tarix : 2020-02-07 15:13:29


“Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bu məqsədə çatırıq”. Bu sözlər fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinə həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi nitqdən götürülmüşdür.

Cənab Prezident sonra demişdir, keçən il əldə etdiyimiz iqtisadi və sosial nailiyyətlər də bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artıb. Prioritetimiz olan qeyri-neft sektorunda artım 14 faizdən də çoxdur. İ.Əliyev iqtisadi artımların əsasında keçən il istismara verilən nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlamasının, kiçik və orta sahibkarlığın inkişafının, biznes mühitinin yaxşılaşdırılmasının durduğunu diqqətə çatdırıb. Deyib ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya bankı da qeyd edir. “Doinq Business” hesabatında Azərbaycan keçən il 20 islahatçı ölkə sırasına daxil olunub. İ.Əliyev bütün bu iqtisadi nailiyyətlərin yeni iş yerləri demək olduğunu vurğulayıb. Bildirib ki, yola saldığımız ildə 98 min yeni iş yeri yaradılmışdı. Yeni iş yerlərinin açılması daimi proses olmalıdır.

Prezident xüsusi vurğu ilə deyib: “Azərbaycanda əhali yüksək templə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir”. Onu da qeyd etdi ki, Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Təsadüfi deyil ki, keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulmuşdur. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Əhalinin gəlirləri 7,4 faiz təşkil etmişdir. İnflyasiya isə bu gəlirlərin təxminən üçdə biri qədər, yəni 2,5 faiz olmuşdur. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artmışdır.

Keçən il sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüşdür. Daha doğrusu, 2018-ci ilin ikinci yarısından artıq bu proqramlar hazırlanırdı və 2019-cu ilin əvvəlindən bu proqramların icrasına başlanılmışdır. Şəhid ailələri böyük məbləğdə vəsaitlə təmin edilmişdir. Ümumiyyətlə 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırıldı. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Hazırda minimum pensiyanı alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Yəni bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var.

Ölkə başçısı yekun nitqində görüləcək əsas işlər, layihələr haqqında danışdı. Dedi ki, bu ilin yanvar ayında iki böyük xarici investor Azərbaycan ilə bərpaolunan enerji növlərinin istehsalı üzrə niyyət protokolu imzalamışdır. Bunlar çox böyük layihələrdir. İki elektrik stansiyası tikiləcək - biri külək, biri günəş. Bu iki stansiyanın ümumi generasiya gücü 440 meqavat səviyyəsindədir. Çox böyük stansiyalardır. Təqribən 400 milyon dollara qədər xarici sərmayə qoyuluşu nəzərdə tutulur.

Bununla paralel olaraq, “Azərenerji”nin xətti ilə bu il yeni böyük elektrik stansiyasının tikintisinə başlanılacaq. Bu stansiyanın generasiya gücü təqribən 350-400 meqavat ətrafındadır.

“Azərenerji”nin xətti ilə yeni külək elektrik stansiyasının tikintisinə də başlanılmalıdır. Bu yaxınlarda 50 meqavat gücündə bir stansiya istifadəyə verilmişdir. İkinci stansiyanın generasiya gücü 84 meqavatdır. Bu da Azərbaycanda bərpaolunan enerji növünün növbəti təzahürüdür.

Eyni zamanda Mingəçevir İstilik Elektrik Stansiyasının qalan üç blokunda bərpa-tikinti işləri aparılacaq. Beş blok təmir olunub və bu da əlavə təqribən 400 meqavata yaxın generasiya gücü deməkdir.

İ.Əliyev iqtisadiyyatımızın digər sahələrində həyata keçirilməsi nəzərdə tutulmuş layihələrdən də danışdı.

Daha sonra dedi, sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur. Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır.

Bildirdi ki, sahibkarlara çox böyük imkanlar yaratmışıq. Sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər.

Kölgə iqtisadiyyatı olmamalıdır. Bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır. Bu istiqamətdə işlər aparılır və bu il də davam edəcək. Bu ilin yanvar ayında vergi orqanları proqnozdan əlavə 120 milyon manat, gömrük orqanları isə 40 milyon manat vəsait yığıblar. Yəni, bir ayda ancaq kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində 160 milyon manat əldə olunub.

Hesab edirəm ki, emal sənayesinə daha çox üstünlük verilməlidir. Dövlət orqanları da bu sahəyə diqqət yetirməlidirlər. Güzəştli kreditlər də bu sahəyə istiqamətləndirilməlidir.

İ.Əliyev nitqində inkişafımızı sürətləndirə, vətəndaşların rifah halını daha da yüksəldə biləcək qlobal məsələləri və onların həlli yollarını ortaya qoydu. Nitqinin sonunda dedi: “Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında  Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması  çox əlamətdar hadisədir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyada birnömrəli Forumdur, bundan yuxarısı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdir və bu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir. Mən və Forumun prezidenti niyyət protokolunu imzaladıq, indi işlər başlanacaq və Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq”.