Dövlətin və həmkarlar ittifaqının marağında olan məsələ hər bir insan təhlükəsiz, sağlam şəraitdə işləməlidir


Baxıldı : 62

Tarix : 2019-08-30 17:14:08


İstehsalatda bədbəxt hadisələrlə bağlı beynəlxalq təşkilatların apardığı müayinələr əməyin mühafizəsinin ən vacib, təxirəsalınmaz vəzifələr sırasında olduğunu göstərir. Statistik məlumatlara görə, istehsalatda bədbəxt hadisələr nəticəsində dünya üzrə hər il 2,3 milyon insan həyatını itirir. 160 milyon işçi isə peşə xəstəliyinə tutulur. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2019-cu il üçün “Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi” mövzusunu seçməklə bu xoşagəlməz statistikanın heç olmasa azaldılması məqsədini qarşıya hədəf qoyub. Məlumat üçün deyək ki, təhlükəsiz əmək məsələsi BƏT-in çağırışlarına qədər də Azərbaycan dövlətinin, eləcə də həmkarlar ittifaqının prioritet vəzifələrindən olub. Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci ildə hazırladığı konstitusiyada “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüququ əksini tapıb. 2 il sonra H.Əliyevin tapşırığı əsasında əməyin mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurum təsis edilib.

Yeni iqtisadi, sosial münasibətlərə uyğunsuzlaşdırılmış əməyin mühafizəsi normaları, qaydaları işlənib 1999-cu ildə təsdiq olunmuş Əmək Məcəlləsinə salınmışdır.

Sonrakı illərdə də bu sahədə mövcud olan dünya təcrübəsi öyrənilir, ən mütərəqqi olanları tətbiq edilir. Azərbaycan hökuməti uzun illərdir ki, BƏT-lə əməkdaşlıq edir. BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 konvensiyası Milli Məclisdə təsdiq olunmuşdur. Yeri gəlmişkən deyək ki, onlardan 21-i əməyin mühafizəsi ilə əlaqədardır. Azərbaycan həmkarlar ittifaqları milli qanunvericiliyin bu sənədlərə uyğunlaşdırılmasından ötrü böyük səylər göstərib. Tərəfdaşları ilə birlikdə, üzvü olduğu Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli (Tripartizm) Sosial Şura çərçivəsində, beynəlxalq müqavilələrdə, qanunvericilikdə nəzərdə tutulan iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi missiyasını uğurla həyata keçirir.

AHİK hər il “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında müsabiqə təşkil edir. Ən nümunəvi, layiqli namizədlərin müəyyənləşdirilməsinə nail olmaq məqsədilə müəssisə və təşkilatlarda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və ictimai müvəkkillər nəzarət-profilaktika işi aparırlar. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, maşın və mexanizmlərin, avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikasının tələblərinə əməl olunması, işçilərin sosial-məişət şəraitinin təşkili və sair məsələlər ciddi şəkildə yoxlanılır.

Yoxlamaların nəticələri ilk təşkilatlarda yekunlaşdırılır, nöqsanlar müdiriyyətə təqdim olunur. Onların aradan qaldırılması prosesi, vaxtı nəzarətdə saxlanılır. Əlbəttə, sağlam, təhlükəsiz əmək təkcə tələb etməklə həllini tapan məsələ deyil. Bu, həm də maarifləndirmə fəaliyyəti tələb edir. Odur ki, AHİK-in təşkilatçılığı ilə hər il təhlükəsiz əmək mövzusunda onlarla seminar, treninq, dəyirmi masa və digər formatlı tədbirlər keçirilir. Bu tədbirlərə həmkarlar ittifaqı liderləri, fəalları cəlb edilir.

Əməyin mühafizəsi ilə bağlı digər istiqamətlərdə də kifayət qədər mühüm işlər görülür. Məhz görülən işlərin nəticəsidir ki, həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərən müəssisələrdə istehsalat xəsarəti, digər müəssisələrlə müqayisədə, qat-qat azdır.

“ÜLFƏT”