Döyüşə aslanlar gedir


Baxıldı : 68

Tarix : 2020-10-17 15:00:33


Açığı, heç Bakıya qayıtmaq istəmirdik. Biz döyüşən cəbhə bölgəsinə gedişimizlə döyüşən əsgərlərimizə ruh yüksəkliyi verəcəyimizi, mənəvi dəstək göstərəcəyimizi düşünürdük. Amma əksinə oldu. Oradakı ab-havanı görəndən sonra ürəyimizdə olan nigarançılıq aradan qalxdı. Gənclik coşqunluğunun, gənclik əhval-ruhiyyəsinin şahidi olduq. Döyüşdən qayıdan əsgərlərin üzündə, hərəkətlərində qorxu, hətta qorxunun əlamətlərini belə görmədik. Onlarda rinqdə rəqibini nakaut vəziyyətinə salan boksçunun ruh yüksəkliyi vardı. İki-üç hərbçimizlə söhbət edə-edə gəzişirdik. Təxminən 50-60 metr aralıda nəsə partladı. Düşmən topu idi. Həmsöhbətlərim gözlərinin ucları ilə olsun belə, dönüb səs gələn tərəfə baxmadılar. Biri ərklə çiyninə vurub, “söhbətini elə”, - dedi.
Biz hərbçilərimizə pay-puş gətirmişdik. Açığı, oradakı alt, üst paltarlarını, ərzaq məhsullarını görüb, apardıqlarımızı utana-utana çıxartdıq.
Ürəyim bu əsgərlərin yanında qalmağı hökm etsə də, reallıq o idi ki, biz işə qayıtmalıydıq. Çünki, hərb dövrü dili ilə desək, “arxa cəbhədə də” görüləsi işlər çoxdur. Yol yoldaşlarım - sahə həmkarlar ittifaqının üzv təşkilatlarının sədrləri: İsgəndər Cabbarov, Pərvanə Abbasova, Fəxrəddin Əhmədov və bu sətirlərin müəllifi qəlbən inandıq ki, erməni işğalçılarının dirənişi, müqaviməti qabanın şirin iti dişləri arasında çabalaması qədər əbəs və davamsızdır.

Əliş İBRAHİMOV,
Sahibkarlıq, Özəl Elm və 
Yüngül Sənaye İşçiləri Həmkarlar 
İttifaqı Respublika Komitəsinin 
əməyin baş texniki müfəttişi