Dollara tələb artacaq


Baxıldı : 125

Tarix : 2016-11-14 17:13:00


Dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub. Mərkəzi Bankın rezervlərində iyul ayından müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. Bu arada Dövlət Neft Fondu da valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon dollar satdığını açıqladı. Beləliklə, oktyabrda dollara tələbin artması Neft Fondu ilə yanaşı Mərkəzi Bankı da xərcə salıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı Vüqar Bayramov bildirdi ki, bir tərəfdən ilin sonunadək idxalın artması, özəl və dövlət müəssisələrinin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbi artıracaq, digər tərəfdən, Mərkəzi Bankın rezervlərinin 4 milyard dollarlıq \ psixoloji qapının\ ağzında dayanması, neftin qiymətinin proqnozlaşdırıldığı kimi aşağı düşməsi və Neft Fondunun büdcə transfertlərinin azalması manata təzyiqi artırır. İqtisadçı qeyd edib ki, Mərkəzi Bank dolların tələbinin tənzimlənməsini həyata keçirir: \ Mərkəzi Bankın məzənnə siyasətini mərhələli şəkildə araşdırılması məqsədəuyğundur. Əlbəttə, bazarın təsir imkanları artırılmalıdır ki, nəticədə mərhələli şəkildə yeni məzənnə siyasətinə daxil olmaq mümkün olsun. Hər zaman qeyd edirəm ki, dolların manata nəzərən məzənnəsi banklardan asılı olacaq. Banklar müflis olduqca, vətəndaşlar banklardan əmanətlərini geri çəkdikcə, dollara olan tələb artır. Ona görə də bu istiqamətdə addımların atılmasına da ehtiyac var. Bankların sağlamlaşdırılması istiqamətində işlər aparılmalıdır. Bankların dollarlaşması prosesinin qarşısını almaq lazımdır ki, bununla bankların müflisləşməsi nəticəsində dövriyyəyə daxil olan manat kütləsinin tənzimlənməsi mümkün olsun. Kommersiya bankları üçün müəyyən olunan maaşın 4 faizdən 2 faizə endirilməsi məqsədəuyğundur. Maaş kommersiya bankları üçün dövriyyədir\ .V. Bayramov söyləyib ki, hökumət qeyri-neft sektorunun ixracının rüsumlaşdırılması və artırılması istiqamətində işlərini davam etdirməlidir: \ İndiki dövrdə manatın məzənnəsi birbaşa ölkəyə daxil olan vəsaitin həcmindən asılı olacaq. Neftin bazar qiyməti aşağı olduğu üçün qeyri-neft sektorunun inkişafı vacibdir. Qeyri-neft sektorundan olan daxilolmaları artırmaq mümkün olarsa, gələcəkdə manatın stabilləşməsinə nail olmaq olar. Hələlik qeyri-neft sektorundan daxilolmalar az olduğundan və neft ixracından əldə edilən gəlir ümumi gəlirin 80 faizdən çox təşkil etdiyindən manata təzyiq artır. Ona görə də Mərkəzi Bank strateji hədəflərlə manatın məzənnəsinin liberallaşması və stabilləşməsinə nail olmağa çalışmalıdır. Çox təəssüf ki, Mərkəzi Bank daha çox qısamüddətli addımlara üstünlük verir. Yəni Mərkəzi Bank manat bazasını azaldaraq tələbin optimallaşmasına nail olmağa çalışır. Əlbəttə, qısamüddətli effekti olan təsirlər manatın məzənnəsini strateji həddə möhkəmləndirə bilməz. Buna görə daha strateji yanaşmanın ortaya qoyulması və hədəflərin uzunmüddətli proqnozlaşdırılmasına ehtiyac var\ .