Dollarla alqı-satqı qadağan olunur


Baxıldı : 268

Tarix : 2015-11-20 05:08:00


Mərkəzi Bank (MB) 2016-cı ildə valyuta bazarında fəal intervensiyanı davam etdirməyə çalışacaq. Əsas məsələlərdən biri manat kütləsinə olan ehtiyacı ödəmək üçün dövriyyədə milli valyutanın bazara cəlb edilməsinə çalışmaqdır. MB-nin sədri Elman Rüstəmov bildirib ki, dövriyyədə manat qıtlığı hiss olunur. Xüsusilə də 50 və 100 manatlıq əskinasların kəskin şəkildə azalması müşayiət olunmaqdadır. İlin əvvəllərindən həmin əskinasların 2 dəfədən çox azalması qeydə alınıb, bu isə bir neçə milyard manat deməkdir. Buna görə də MB kütləvi şəkildə dollarlaşmanın baş verməsindən qayğılanaraq əks istiqamətdə, yəni dollar kütləsinin artmasına qarşı təsirli addımlara başlayıb.Manat kütləsinin bazarda həcminin artması üçün əməliyyatların tamamilə milli valyuta üzrə həyata keçirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə müəyyən addımlar atılmağa başlayıb və satışın tam manatla aparılmasına qərar verilib. Məsələn, daşınmaz əmlakın alqı-satqısı əvvəl dollarla aparılırdısa, indi manata keçirilib. Həmçinin avtomobil bazarında dollarla satışın qarşısının alınması üçün müəyyən ölçülər götürüləcək. Bu məqsədlə milli valyutadan kənar satış əməliyyatları aparan şəxslərin cərimə olunması, ticarət və xidmət obyektlərinə qarşı inzibati qaydada tədbirlər görülməsi planlaşdırılır. Ümumiyyətlə, gələn il monetar və fiskal nəzarət gücləndiriləcək, kölgə iqtisadiyyatına qarşı mübarizə aparılacaq. Gələn il banklarla kredit faiz dərəcələrinin aşağı salınması və vətəndaşların kreditlərə çıxışını asanlaşdırmaq istiqamətində işlər davam etdiriləcək. Bank olmayan kredit təşkilatlarının iqtisadiyyatın real sektoruna kreditlər verməsinə fəallığının artırılması üçün müvafiq qurumlarla müzakirələr aparılacaq.ELBRUS