Dondurmalarda fikir vermədiyimiz təhlükə


Baxıldı : 202

Tarix : 2016-05-20 04:14:00


Hər il yay mövsümündə vətəndaşların sərinləmək məqsədilə istifadə etdikləri qida növlərindən biri də dondurmadır. Amma satışa çıxarılan dondurmaların keyfiyyəti ilə bağlı fikirlər birmənalı deyil. Müstəqil ekspertlər hələ də bazarda keyfiyyətsiz dondurmaların satıldığını, zəhərlənmə ehtimalının olduğunu bildirirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, dondurmalar normativ-texniki sənədlərlə müəyyən edilmiş rejimdə saxlanılmalı, istehlakçıya satış zamanı ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim edilməlidir.Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm edilən qida məhsuludur: \ Onun istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, stabilləşdiricilər və s. maddələrdən istifadə olunur. Süd əsasında hazırlandığından tərkibində süd yağı, zülallar, mineral maddələr, vitaminlər və s. vardır. Sərinləmək üçün yediyimiz dondurmanın insan orqanizmində əhəmiyyətli rolu vardır. Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq tez keyfiyyətini itirə bilər. Ona görə də dondurma alarkən ilk növbədə onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlama müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir verin\ .Donu açılmış dondurmanın təkrar dondurulması qadağandır və belə dondurmalarda buz kristalları əmələ gəlir ki, bu da onun keyfiyyətsiz olması deməkdir. Bundan başqa, dondurma çox rəngli və yumşaq olmamalıdır. Bəzən dondurma satanlar uşaqları cəlb etmək üçün dondurmalara qırmızı, yaşıl, sarı rənglər vururlar ki, bu, zərərlidir. Rəngli dondurma yeyən uşaqların dilləri həmin rəngə boyanır. Dondurmanın içindəki gizli təhlükə də elə məhz həmin boyalardır.Mütəxəssislər ağ və qəhvəyi rənglərdə olan dondurmalara üstünlük verilməsini məsləhət görürlər. Çünki bu tip dondurmaların tərkibində rəng qatqıları çox olmur. Məsələn, sarı rəngdə olan dondurmanın limonlu dondurma olduğunu deyə bilərlər. Ancaq alıcı bilməlidir ki, əgər dondurmanın rəngi sapsarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon qatılan dondurma ağ rəngdən sarıya çox az çevrilə bilər. Amma tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma və xərçəng riskini artırma potensialına sahibdir.Keyfiyyətsiz dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar, potagen mikroorqanizmlər, o cümlədən salmonella, stafikoklarin və s. orqanizm üçün təhlükəli bakteriyalar mövcud olur. Bu cür dondurmalar istehlak olunduqda insanlarda, xüsusilə uşaqlarda qida zəhərlənmələrinə və digər fəsadlara səbəb ola bilir.Bundan başqa, dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət yetirilməlidir. Antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər.Aliyə SƏMƏDOVA