“Donuz qripi” ilə əlaqədar xəstəxanalarda xüsusi palatalar yaradılıb


Baxıldı : 154

Tarix : 2019-01-12 06:39:24


2018-ci ilin sonlarından başlayaraq Gürcüstanda “donuz qripi” kimi tanınan A(H1N1) virusunun yayılması baş verib. Bu virusdan 158 yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə artıq 10 nəfəri keçib. Gürcüstanın Azərbaycanla sərhəd zonada yerləşməsini və azərbaycanlıların ən çox gedib-gəldiyi ölkələrdən biri olmasını nəzərə alsaq, bu virusun ölkəmizdə yayılması təhlükəsi nə dərəcədədir?

Səhiyyə Nazirliyinin mətbuatla əlaqələr şöbəsi və tibb elmləri doktoru, həkim Adil Qeybulla məsələyə münasibət bildirdi.

Səhiyyə Nazirliyinin mətbuatla əlaqələr şöbəsindən bildirildi ki, nazirlik tərəfindən H1N1 virusuna (“donuz qripi”) yoluxmanın qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilir: “Sərhəd-keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin əməkdaşları dezinfeksiya işləri görürlər. Gömrük Komitəsinin əməkdaşları müxtəlif kimyəvi vasitələrlə əsasən avtomobillərin təkərlərini dezinfeksiya edirlər. Termokameralar quraşdırılıb, temperaturu yüksək olan şəxslər tibbi nəzarətə götürülür, tibb otağına dəvət olunur. Ən yaxın yerdə yerləşən Gigiyena ve Epidemiologiya Mərkəzinə müraciət edilir. Onlar gəlib həmin adamdan nümunələr götürüb Respublika Taun Əleyhinə Stansiyaya göndərirlər. Qeyd edim ki, Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, ancaq onların heç birində “donuz qripi” aşkar olunmayıb. Paytaxtdakı 1 saylı Şəhər Klinik Xəstəxanasında, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda və 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında “donuz qripi” aşkar olunan (şükürlər ki, hələ belələri yoxdur) insanların müalicə alması üçün xüsusi palatalar ayrılıb”.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla bildirdi ki, ölüm halları virusun orqanizmi zədələməsi nəticəsində baş verir: “Qrip infeksiyasının 3 virus tipi var: A, B və C. A virusu heyvanlarda, quşlarda, insanlarda xəstəlik yaradan və epidemiyaya meyilli çox təhlükəli bir virusdur. B və C virusları o qədər ciddi sayılmır. O baxımdan da A virusu hər il, demək olar ki, mövsümi bir xəstəlik kimi müxtəlif simptomlarda peyda olur. Ümumiyyətlə, A virusunun 2 minə yaxın ştammları, yəni subtitrləri var. Bunların içərisində bəzi növləri çoxlu ağırlaşmalar, insan tələfatı ilə nəticələndiyinə görə tarixdə qalıb. “Donuz qripi” 2009-cu ildə aşkar olunub. Bu virus əsasən donuzlarda və insanlarda meydana gəlir. Və araşdırmalar göstərir ki, xəstələr birbaşa virusun özündən yox, virusun oranizmi zədələməsi nəticəsində pnevmaniyadan ölürlər. Yəni pnevmaton virusu zədələnmiş toxumalara daxil olub, orada iltihab yaradır, orqanizmin fəaliyyətini aşağı salır, ağır indeksitasiya yaradır. Bu da xəstəliyin daha ağır keçməsinə gətirib çixarır. Asqırma, boğaz ağrısı, göz yaşarması, bədəndə titrətmə, halsızlıq, üşütmə, qızdırma kimi ilkin əlamətlər kimi ortaya çıxır, sonra getdikcə indeksikasiya dərinləşir. Xəstəlik başladığı dövrdə insanlar yaxşı olar ki, onu yataq rejimində keçirsinlər və çoxlu maye qəbul etsinlər. İndeksikasiyaya qarşı mübarizədə bədənin maye qəbulu vacibdir. Bundan başqa, vitaminləşmiş qidalardan istifadə etməli, boş-boşuna antibiotiklər qəbul etməmək lazımdır. Onu da qeyd edim ki, ictimai yerlərdə, ictimai nəqliyyat vasitələrində yaxşı olar ki, maskalardan istifadə olunsun, çünki bu virus hava-damcı yolu ilə keçir. Yəni insanlar maksimum bu profilaktik tədbirləri görməlidirlər. Ümumiyyətlə, sərhəd zonalarında klinik görünən xəstələr yaxşı olar ki, bir müddət ölkəyə buraxılmasın. Bunun üçün də karantin elan olunmalıdır və Ümumdünya Səhiyyə Təşkilatının konkret tövsiyələri üzrə hərəkət etmək lazımdır. Bu istiqamətdə əhali arasında maarifləndirici işlər aparılmalıdır”.

Aliyə SƏMƏDOVA