Doqquz ayın hesabatı dinlənildi


Baxıldı : 722

Tarix : 2019-09-27 17:47:22


Sentyabrın 24-də Qəbələdəki “Qafqaz Resort” otelində Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqı toplantı keçirib. Nazirliyin aparatında, qurumlarında və regional mərkəzlərində fəaliyyət göstərən həmkarlar ittifaqı sədrlərinin də qatıldığı bu tədbirdə İttifaqın sədri Mehman İsmayılov rəhbəri olduğu təşkilatda ilin doqquz ayında görülən işlər barədə hesabat verib.

Bildirib ki, hesabat dövründə nazirliyin əməkdaşlarının istirahəti, müalicəsi və asudə vaxtlarının təşkili diqqətdə saxlanılıb. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz bayramlarında şənliklər təşkil edilib, uşaqlara bayram hədiyyələri verilib. Həmçinin əlamətdar gün və peşə bayramlarında vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş 212 nəfər Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, FHN İşçiləri Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələ şəhərində “Gənc xilasedici” VII Beynəlxalq yarış və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyi keçirilib. Eyni zamanda nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək verilib. İdman-Sağlamlıq Klubu ilə birgə keçirilmiş şahmat, çoxnövçülük, stolüstü tennis, minifutbol, beşnövçülük üzrə çempionatlar İttifaq üzvlərinin sağlamlığını qorumaqla yanaşı, qurumlararası əlaqələri intensivləşdirmək baxımından da faydalı olmuşdur.

“Əvvəlki illərdə olduğu kimi, bu ilin ötən dövründə də İttifaqımızın fəaliyyətində əsgərlərlə görüş prioritet vəzifələrdən biri olub”, - deyən M.İsmayılov 9 May -Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Ağdam rayonundakı cəbhə bölgəsində və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bərdədəki “N” saylı hərbi hissələrində xidmət edən əsgərlərlə görüşlərin keçirildiyini, əsgərlərə xatirə hədiyyələri və bayram sovqatının verildiyini söyləyib.

M.İsmayılov qeyd edib ki, maddi durumu çətin olan və vəzifə borcunu yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərilib, yay aylarında yollayışın dəyərinin 20 faizini ödəməklə onlarla İttifaq üzvü ailə üzvləri ilə birgə Nabranda yerləşən “Orman” İstirahət Mərkəzinə istirahətə göndərilib. Sosial sığorta hesabına ailə üzvləri ilə birgə istirahət etmək üçün İttifaqın 8 üzvünə Nabranda yerləşən “Xəzər” İstirahət Mərkəzinə, 2 nəfərə isə “Şahdağ” İstirahət Mərkəzinə yollayış verilib.

Səhhətində problemi yaranmış 83 nəfər İttifaq üzvü “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Qaranquş”, “Şıx” və “Naftalan” sanatoriyalarına göndərilmişdir. Onlar yollayışın dəyərinin yalnız 15 faizini ödəmişlər. Vətən qarşısında borcunu yerinə yetirərək döyüşmüş veteran işçilər və maddi imkanı az olan işçilər isə pulsuz yollayışlarla təmin edilmişdir. İttifaqın büdcəsi hesabına daha 8 üzvə “Naftalan” sanatoriyasına yollayışlar təqdim olunub.

M.İsmayılov çıxışının sonunda İttifaq üzvlərinin ailə üzvlərinin də sağlamlığının qorunması, mədəni, mənəvi tələblərinin ödənilməsinin qayğısına qalınacağını diqqətə çatdırıb.

Sonra İttifaqın cari ilin dördüncü rübünün tədbirlər planı müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Tədbirdə toplantının gündəliyində yer alan digər məsələlər də müzakirə olunub.

Sonda FHN-in 50 illik yubileyi, eləcə də 50 illik əmək fəaliyyəti tamam olan bir qrup əməkdaşına Həmkarlar İttifaqının Fəxri fərmanları təqdim edilib.

Görüşdə AHİK-in şöbə müdiri Namiq Hüseynov çıxış edib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.